AZƏRBAYCANDA DİNDARLARIN KÜTLƏVİ ŞƏKİLDƏ TERROR İTTİHAMI İLƏ HƏBSİ BAŞLANIB

Azərbaycanda yanvarın 7-dən başlayaraq və hazırda da davam etməkdə olan dindarların həbsinə dair Bakı Şəhər Baş Polis İdarəsi və Daxili İşlər Nazirliyi  məlumat  yayıb. 

Məlumatına görə, Azərbaycan İslam Partiyasının  sədri Mövsüm Səmədov tərəfindən terror aksiyası hazırlanması barədə polisə daxil olmuş məlumat əsasında yanvarın 7-də həyata keçirilən əməliyyat tədbirləri ilə o  Nərimanov rayonu ərazisində avtomobillə hərəkət edərkən saxlanılıb.

“Bu zaman Səmədov və avtomobildə olan sərnişinlər polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, müqavimət göstəriblər” – deyə şəhər polis idarəsinin  məlumatında qeyd edilir.
            Daxili İşlər Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə isə,   Mövsüm  Səmədovun Quba rayonunda yaşayan əmisi oğlu Dəyanət Səmədova iğtişaşlar törətmək, ictimai təhlükəsizliyi pozmaq, insanları cihada təhrik etmək barədə tapşırıqlar verməsi ilə bağlı DİN-ə daxil olmuş məlumatlar əsasında cari ilin  yanvarın 8-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
            Məlumata görə, Dəyanət Səmədovun işlədiyi, Mövsüm  Səmədovun atası Mərdan Səmədova məxsus elektrik malları mağazasına baxış zamanı oradakı seyfin altından 3 ədəd əl qumbarası, habelə yaşadığı evdən 7 ədəd avtomat patronu və içərisində dini radikalizmi təbliğ edən məlumatların olduğu elektron daşıyıcılar aşkarlanaraq götürülüb. Dəyanət və Mərdan Səmədovlar şübhəli şəxs qismində saxlanılıblar.

Xatırladaq ki, yanvarın 7-də Azərbaycan   İslam Partiyasının  sədri Mövsüm Səmədov, onun müavini Vaqif Abdullayev, partiya fəalı Elçin Həsənov və partiya sədrinin sürücüsü Mirhüseyn Kazımov həbs ediliblər. Yanvarın 9-da «Məşədi Dadaş» məscidinin axundu Şahin Həsənli polis tərəfindən saxlanısa da sonradan azad edilib. Yanvarın 10-da Hövsan qəsəbə sakini Nurəddin Darafərin və Bülbülə qəsəbə sakini Babək Həsənov, İlahiyyatçı Zülfüqar Mikayılzadə, Milli Mənəvi Dəyərlər İctimai Birliyinin sədri Mehdi Məmmədov, İslam Partiyası  sədrinin birinci müavini Elçin Manafov, İslam Partiyasının Mətbuat Xidmətinin rəhbəri Akif Heydərli və digərləri saxlanılıb. Adının çəkilməsini istəməyən mənbədən Obyektiv TV-yə daxil olan məlumata görə, yalnız Gəncə şəhərində 20 nəfər dindar saxlanılıb.

Belə ki, yanvarın 2-də İslam Partiyası Baş Məclisinin iclasında partiya sədri Möhsün Səmədov məktəblərdə hicaba qadağa qoyulmasını kəskin tənqid edib, bunu Azərbaycan xalqına mənəvi zərbə kimi qiymətləndirib və xalqı iqtidara qarşı mübarizəyə səsləyib. Sözügedən videoçarx http://www.youtube.com/watch?v=9DQ7Sb7ZQvI&feature=player_embedded) sosial şəbəkələrdə yayılıb. İslam Partiyası sədrinin və onun tərəfdarlarının  məhz bu məsələyə görə həbs edilməsi istisna olunmur.

Qeyd edək ki, Azərbaycan İslam Partiyası 1991-ci ildə Bakının Nardaran kəndində yaradılıb. Partiya 1992-ci ildə Ədliyyə Nazirliyində qeydiyyata alınıb. 1995-ci ildə partiya sədri və müavini İrana casusluqda ittiham olunaraq həbs ediliblər. Partiyanın qeydiyyatı da Ali Məhkəmə tərəfindən ləğv edilib.

            Partiyanın 2007-ci ildə keçirilən qurultayında 1993-cü ildə AİP-in Quba rayon komitəsinin rəhbəri olan Mövsüm Səmədov İslam Partiyasının sədri seçilib. Mövsüm Səmədov 1965-ci ildə Qubada doğulub. Tibb Universitetini bitirib. Rusiyada, Dağıstanda həkimlik edib. 1996-cı ildən İrana gedib, Qum şəhərindəki Ali İslam Univesitetini bitirib.

 

 

Previous Post

HESABI ÜZƏRİNƏ QOYULAN HƏBS GÖTÜRÜLƏNDƏN SONRA EYNULLA FƏTULLAYEVİN PULU ONA ÖDƏNİLƏCƏK

Next Post

NEMƏT PƏNAHLI HƏBS EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.