Azərbaycanda Mətbuat Azadlığı Boğulur

Bəyanat

Beynəlxalq Mətbuat Azadlığı Günündə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu azad və müstəqil medianın demokratiyanın inkişafında və cəmiyyət üçün fikir müxtəlifliyin təmin olunmasındakı əhəmiyyətini rolunu bir daha vurğulayaraq, həqiqəti çəkinmədən söylədiyi üçün öz həyatlarını, azadlıqlarını və ya şəxsi rifahını itirən jurnalistlərə dərin ehtiramını bildirir.

Azərbaycanda dövlət məmurlarına xoş olmayan mövzulara toxunan jurnalistlər və tənqidçi şəxslər hər gün həbs olunur və ya digər formada susdurulurlar.

Hədə-qorxu və təhlükələrə baxmayaraq cəsarətli jurnalistlər, bloggerlər və hüquq müdafiəçiləri hökumətin informasiya axınına nəzarət etmək cəhdləri ilə mübarizə aparır.

“Yeddi jurnalist hal-hazırda həbsdədir. Rejim informasiyaya çatımlılığı məhdudlaşdıran sərt qanunlar tətbiq edir və tənqidi səsləri susdurmaq üçün qorxu hissi yaradır. Beynəlxalq təşkilatlar Əliyev rejimini söz azadlığının fundamental standartlarına əməl etməyə çağırmalıdır.  Jurnalistlərin döyülməsi, şantaj olunması və həbsləri azalmaqdıqca bağlı qapa arxasında görüşlər və verilən “zəmanətlər” yetərli deyil”, deyə RATİ sədri Emin Hüseynov qeyd edir.

RATİ qeyd edir ki, söz azadlığı əsl demokratiyanın fundamental prinsiplərindəndir və onun qorunması çox vacibdir.

RATİ bir daha xatırladır ki, ifadə və informasiya azadlıqları Azərbaycanın imzaladığı və qoşulduğu bir çox beynəlxalq müqavilələr və hüquqi sənədlərlə təmin olunur – İnsan Hüquqları haqqında Ümumi Bəyannamə (maddə 19), Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt (maddə 19) və İnsan Hüquqları haqqında Avropa Konvensiyası (maddə 10).

İnsan hüquqları və fundamental azadlıqları eyni zamanda Azərbaycan Konstitusiyasının 47-ci (fikir və söz azadlığı), 49-cu (sərbəst toplaşma azadlığı), 50-ci (məlumat azadlığı) və 58-ci (birləşmək hüququ) maddələri ilə də qorundur.

RATİ  3 may Beynəlxalq Mətbuat Azadlığı Günündə Azərbaycan hökumətini beynəlxalq qurumlar, ən əsası isə öz vətəndaşları qarşısında götürdüyü öhdəliklərə əməl edərək media sahəsindəki acınacaqlı durumu yaxşılaşdırmaq üçün aşağıdakı təxirəsalınmaz addımları atmağa çağırır:

Jurnalistlərə qarşı zorakılıq və təzyiqin digər formalarına son qoyulsun– baş vermiş hücumlar tam araşdırılsın və səbəbkarlar məsuliyyətə cəlb olunsun.

İfadə azadlığı hüququnu həyata keçirməkləri ilə bağlı olaraq həbs olunmuş bütün jurnalistlər dərhal azad edilsin.

İfadə azadlığı hüququnu həyata keçirməkləri ilə bağlı olaraq barələrində cinayət işi açılmış jurnalistlərə qarşı irəli sürülmüş ittihamlar ləğv olunsun.

Milli qanunvericilik yenidən nəzərdən keçirilsin və onun mətbuat azadlığının beynəlxalq standartlarına uyğunluğu təmin olunsun.

RATİ BMT, Avropa Şurası və ATƏT-ə müraciət edərək, onları Azərbaycan hökumətini üzv dövlət kimi ifadə azadlığının qorunması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırmağa, bu çağırışlar nəticə vermədikdə isə lazımi tədbirlər görməyə səsləyir.

Azərbaycanda ifadə azadlığının vəziyyəti ilə bağlı daha ətraflı məlumatı RATİ-nin 2012-ci ili əhatə edən “Azad Mətbuat Ölüm-Dirim Mübarizəsində” və 2013-cü ilin birinci rübünü əhatə edən “Azərbaycanda Azad Sözə Basqı Davam Edir” hesabatından əldə edə bilərsiniz.

Previous Post

Azərbaycanda Azad Sözə Basqı Davam Edir

Next Post

Metropoliten rəisi jurnalistləri təhqir edib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.