“AZƏRBAYCAN” NƏŞRİYYATI QƏZETİN İKİNCİ DƏFƏ TƏKZİB VERMƏSİNİ İSTƏYİR

  Bu gün  Nərimanov rayon məhkəməsinin hakimi Sevinc Alıyevanın sədrliyi ilə “Azərbaycan” Nəşriyyatının direktoru Ağabəy  Əsgərovun “Xural” qəzetinə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

İddiaçı tərəfin nümayəndəsi Elşən Əsədov, cavabdeh tərəfdən isə qəzetin baş redaktoru Əvəz  Zeynallı prosesdə iştirak edirdilər. Hakim tərəflərə barışıq təklif etdi. İddiaçı tərəfin nümayəndəsi E.Əsədov öz çıxışında bildirdi ki, “barışığa o zaman razı olarıq ki, qəzet yenidən ikinci dəfə iri başlıqla və Ağabəy Əsgərovun şəklini verməklə təkzib versin. Bundan əlavə körpələr evinin hesabına 1000 AZN məbləğində pul köçürsün və Nərimanov rayon məhkəməsinin mülki iş üzrə çıxardığı qərardan verdiyi apellyasiya şikayətini geri götürsün”. Qəzetin baş redaktoru Ə.Zeynallı isə öz çıxışında bildirdi ki, “mən təkzibi yalnız o formada verə bilərəm ki, Nəşriyyatın nümayəndəsi qəzetin redaksiyasına gələrək A.Əsgərov haqqında müsahibə versin. Apellyasiya şikayətini isə geri götürmək fikrində deyiləm. əgər biz barışıq sazişi imzalayacayıqsa, onda apellyasiya məhkəməsi özü işə xitam verəcək”.

      Şahid qismində prosesə gələn “Azərbaycan” Nəşriyyatının kommersiya şöbəsinin müdiri Qalib adlı şəxs Əvəz Zeynallıya ünvanlanan çıxışında bildirdi ki, “siz verdiyiniz təkzibdə yazdığınız məqalələrin müəyyən məqamlarının həqiqətə uyğun olduğunu vurğulamısınız. Biz hesab edirik ki, yazdığınız məqalənin hamısı həqiqətə uyğun deyil. Elə bu səbəbdən də biz öz mövqeyimizi dəyişməyəcəyik. Mövqeyimiz isə belədir ki, Nəşriyyatın istədiyi kimi təkzib verilsin”.

     Hakim isə bildirdi ki, “mən cinayət işini bu qədər uzada bilmərəm və hər iki tərəf barışığa razı olduğu üçün şərtlərinizi əks etdirən barışıq razılaşmasını mənə təqdim edin”. Növbəti məhkəmə prosesi 17 yanvar saat 15:00-a təyin edildi.

        Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov 28 avqust 2007-ci il tarixdə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya və qəzetin yazarı Kamal Hüseynə qarşı şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və vurulan mənəvi ziyanın ödənilməsinə dair  iddia qaldırıb. Iddiaya səbəb “Xural” qəzetinin 24-30 iyun 2007-ci il tarixli “Nəşriyyat “qızıl” kəsir”, 29 iyul-04 avqust 2007-ci il tarixli “Azərbaycan mətbuatının ölüm yeri”  və 19-25 avqust 2007-ci il tarixli “”Azərbaycan” Nəşriyyatı yox, “Azərbaycan” fabriki” adlı məqalələr səbəb olub. Məqalələrdə Nəşriyyatın baş direktorun fəaliyyətində yol verdiyi qanun pozuntuları əks olunub. İddiada qəzetin üzr istəyərək, təkzib verməsi, 250000 AZN məbləğində təzminat ödəməsi və cavabdehlərin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş olunur.

Previous Post

MƏHKƏMƏ TƏXİRƏ SALINIB

Next Post

Court on Ganimat Zakhidov

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.