
Deputat Elmira Axundova ayrıca informasiya ombudsmanı institutunun yaradılmasına tərəfdar olduğunu bildirib. Çünki onun fikrincə, indiki ombudsmanın çox vəzifəsi var, digər tərəfdən də KİV üzrə ombudsman vəzifəsi bir qədər spesifikdir.
Deputat İqbal Ağazadə də hesab edib ki, informasiya ombudsmanı ayrıca institutdur və daha bir ayrıca institut da uşaq hüquqları üzrə olmalıdır.
Vitse-spiker Bahar Muradova isə hesab edib ki, ayrı-ayrı ölkələrdə ayrı-ayrı sahələr üzrə ombudsman institutu fəaliyyət göstərir. “Biz ombudsmanın fəaliyyətinin koordinasiya şəklində həyata keçirilməsinə tərəfdarıq. Yəni, informasiya ombudsmanı, insan haqları və uşaq hüquqları üzrə ombudsman bir şəxsin simasında cəmləşə bilər”.
Beləliklə, layihə 111 səs lehinə, 1 səs əleyhinə olmaqla qəbul olunub.
Xatırladaq ki, Azərbaycanda 2005-ci ildə qəbul edilmiş “İnformasiya əldə etmək haqqında” qanunda media ombudsmanı institutunun yaradılması nəzərdə tutulurdu. Amma Azərbaycan Respublikası Prezidentini təklifi ilə “İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” Konstitusiya qanununa yeni – 13-1 maddə əlavə edilib. “İnformasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxılmasının xüsusiyyətləri” kimi tövsiyə edilən 16 bənddən ibarət yeni maddə ilə media ombudsmanının səlahiyyətləri İnsan haqları üzrə müvəkkilə (ombudsman) verilir.