MƏHKƏMƏ İCRAÇILARI “XURAL” QƏZETİNƏ 10 GÜN VAXT VERİB

Ədliyyə Nazirliyinin  məhkəmə icraçılarının Nərimanov rayon şöbəsi Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Xural” qəzetinə qarşı iddiasına əsasən   dəyən mənəvi zərərə görə Azərbaycanın məhkəmə instansiyalarının  məhkəmə qərarı ilə 10.000 (on min) manat məbləğində pulun 10 gün müddətində ödənilməsi barədə “Xural” qəzetinin redaksiyasına bildiriş göndərib.

 Bu barədə bu gün (21 dekabr)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının özü məlumat verib. Onun sözlərinə görə, bildiriş bu gün qəzetin redaksiyasına daxil olub:

“Aydın məsələdir ki, qəzetin maddi durumu bu məbləği ödəyəcək səviyyədə deyil. Odur ki, yaranmış problemin həlli tələbi ilə redaksiya kollektivi olaraq aclıq etmək qərarına gəlmişik”, – deyə qeyd edən baş redaktor aclıq aksiyasına başlayacaqları tarix barədə məlumat verəcəklərini qeyd etdi.

Xatırladaq ki, iddiaçı “Xural” qəzetinin 23 may 2010-cu il tarixli buraxılışında “Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadəni bitirmə planı!!! Prezident Administrasiyasının rəhbəri nədən Şəki camaatını və icra başçısını cəzalandırmalı oldu?” başlıqlı məqalədə yazılanların  təkzib edilməsi, üzr istənilməsi və mənəvi zərərə görə 10.000 (on min) manat pul tutularaq, Binə qəsəbəsində yerləşən ”Ümid yeri ” Uşaq Evinə köçürülməsi barədə iddia qaldırmışdı. Nərimanov Rayon Məhkəməsində hakim Rasim Kazımovun sədrliyi ilə keçirilən prosesdə Ramiz Mehdiyevin iddiası tam təmin edilib. Sentyabrın 1-də Bakı Apellyasiya Məhkəməsi Nərimanov rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Ali Məhkəmə noyabrın 17-də apellyasiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar elan edib.

Qeyd edək ki, Xural” qəzeti 2002-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb və həftəlik dərc olunur.

 

Previous Post

AZƏRBAYCAN MEDİA OMBUDSMANI İNSTİTUTUNUN YARADILMASINDAN İMTİNA ETDİ

Next Post

ALİ MƏHKƏMƏ EYNULLA FƏTULLAYEVİN ŞİKAYƏTİNƏ DEKABRIN 28-DƏ BAXACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.