
Aprelin 24-də Nəsimi Rayon məhkəməsində hakim Rəşid Səmədovun sədrliyi ilə jurnalist Rafiq Tağının qətli üzrə istintaqın dayandırılması barədə qərardan verilən şikayətə baxılıb. Bu barədə bu gün (25 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) mərhum jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.
“2011-ci ildə naməlum şəxs tərəfindən bıçaqla yetirilmiş xəsarət nəticəsində xəstəxanada dünyasını dəyişən yazıçı-publisist Rafiq Tağının qətli üzrə ibtidai istintaqın dayandırılması barədə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin 08 yanvar 2014-cü il tarixli qərarından şikayətimizə baxılıb və şikayət təmin edilməyib”,-deyə vəkil qeyd edib.
Xatırladaq ki, Rafiq Tağı 2011-ci il noyabrın 19-da evinə gedərkən bıçaqlanıb və 4 gün sonra noyabrın 23-də aldığı xəsarətlərdən xəstəxanada vəfat edib. İstintaqı aparan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi 2014-cü il yanvarın 8-də jurnalistin cinayət işi üzrə icraatın dayandırılması barədə qərar verib.