HÖKUMƏT EYNULLA FƏTULLAYEVLƏ BAĞLI AVROPA MƏHKƏMƏSİNİN QƏRARININ İCRA EDİLDİYİNİ İDDİA EDİR

“Eynulla Fətullayev barəsində çıxarılmış hökmə əsasən, verginin ödənilməməsi ilə bağlı dövlətə 260 min manata yaxın borcu var”.  Bunu Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov APA-ya müsahibəsində  iddia edib

“Azərbaycan hökumətinin mövqeyi ondan ibarətdir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin  məlum qərarı tam həcmdə yerinə yetirilib, icra olunub. Ali Məhkəmənin plenumunun bununla bağlı çıxardığı iki qərarda deyilirdi ki, Avropa İnsan Hüquqları Məhkəməsinin  çıxardığı qərar üzrə bir tərəfdən həmin şəxs barəsindəki cinayət işinə xitam verilməlidir, digər tərəfdən isə cinayətlərlə bağlı işə xitam verilməlidir və buna görə də o azad edilməlidir. Yəni bununla da Ali Məhkəmə həmin qərarı icra etmiş olub. Digər tərəfdən, biz tam həcmdə pulunu da ödəmişik. Sadəcə bildiyiniz kimi, onun barəsində çıxarılmış hökmə əsasən, verginin ödənilməməsi ilə bağlı dövlətə 260 min manata yaxın borcu da var. Ona görə də indi bu ödənilməmiş məbləğin dövlət tərəfindən ləğv olunması məsələsinə baxılır”, –  deyə Çingiz  Əsgərov qeyd edib.

Baş redaktorun vəkili Anar Qasımov isə bildirdi ki, hökumətin Eynulla Fətullayevə tətbiq elədiyi  260 min manata yaxın borc yalnız məhkəmə qərarı ilə tutula bilər.

Yeri gəlmişkən onu da qeyd edək ki,  dünən atası Emin Fətullayev 1 saylı cəzaçəkmə müəssisəsində Eynulla Fətullayevlə görüşüb.

Emin Fətullayev RATİ-yə jurnalistinin  səhhətinin normal olduğunu və hər hansı şikayətinin olmadığını bildirdi və qeyd etdi ki, baş redaktor dostu olmuş sabiq millət vəkili  Anar Məmmədxanovun ölümündən təəssüfləndiyini deyərək, mərhumun ailəsinə başsağlığı verib.

Xatırladaq ki, Yasamal Məhkəməsi 26 sentyabr 2006-cı il tarixdə Daxili İşlər Naziri Ramil Usubovun xüsusi ittiham şikayəti əsasında E.Fətullayevi böhtan və təhqirdə təqsirli sayaraq onu 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Məhkəmə ərizəçini həbsə almayaraq ona 2 illik sınaq müddəti müəyyən edib.  20 aprel 2007-ci il tarixdə isə Yasamal Məhkəməsi jurnalisti böhtanda təqsirli bilərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib.  Bunun ardınca Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə 30 oktyabr 2007-ci ildə E.Fətullayevi Cinayət Məcəlləsinin 214.1 (terror hədəsi) və 283.2.2-ci (etnik düşmənçiliyin salınması) və 213.2-ci maddəsi (vergidən yayınma) cinayətində təqsirli bilib. Jurnalist Cinayət Məcəlləsinin 214.1-ci (terror hədəsi) maddəsi ilə 8 il, 283.2.2-ci (etnik düşmənçiliyin salınması) maddəsi ilə 3 il, 213.2-ci (vergidən yayınma) maddəsi ilə 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkəmə yekunda cəzaları qismən toplamaq yolu ilə ərizəçiyə son olaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verib. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Ərizəçinin Konvensiyanın 10-cu və 6-cı maddələri ilə verilən hüquqlarının pozulduğunu tanıyıb.

            Habelə Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 06 iyul 2010-cu il tarixində  Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. İş üzrə verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

 

Previous Post

“DEMOKRAT” QƏZETİNİN FOTOREPORTYORU 8 SAAT POLİSDƏ DİNDİRİLİB

Next Post

AXCP SƏDRİ ƏLİ KƏRİMLİ İLƏ MÜSAHİBƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.