AZƏRBAYCAN HAKİMİYYƏTİ EYNULLA FƏTULLAYEVİ AZAD ETMƏK FİKRİNDƏ DEYİL

Azərbaycan hökumətinin Avropa İnsan Hüquqları Məhkəməsinin (AIHM) Böyük Palatasına verdiyi apellyasiya şikayəti qərarın jurnalist Eynulla Fətullayevin dərhal azad edilməsi bəndi ilə bağlıdır.

“Turan” informasiya agentliyinin məlumatına görə, bu barədə Azərbaycanın AİHM-dəki nümayəndəsi Çingiz Əsgərov BBC-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, Strasburq Məhkəməsinin bu qərarı beynəlxalq hüquq çərçivəsindən kənara çıxır.

 

    “Böyük Palata AİHM-nin qərarını qüvvədə saxlayarsa, Fətullayev azad ediləcək?” – sualına Əsgərov inkaredici cavab verib. O, bunu Fətullayev barəsində yeni həbs qərarı olduğu və jurnalistin Azərbaycanın yuxarı instansiya məhkəməsinin (Apellyasiya və ya Ali məhkəmə) qərarı olmadan azad edilə bilməyəcəyi ilə izah edib.

 

    Hakimiyyət yalnız Fətullayevin dərhal azad edilməsi haqqında qərardan narazıdırsa, ona 25 min avro həcmində təzminatın ödənilməməsi nə ilə bağlıdır? Bu suala cavabda Əsgərov bildirib ki, bu, apellyasiya ilə bağlıdır. “Azərbaycanın şikayəti təmin edilərsə və AİHM-nin qərarına təkrarən baxılarsa, təzminat ödənilməsi zərurəti də qüvvədən düşəcək” – deyə o bildirib.

 

    Əlavə edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi  üzrə qərar verib. Aprelin 22-də açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.

 

     Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.

 

     2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

 

    Xatırladaq ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu təxribatı jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş təxribat  kimi qiymətləndirir.

 

    Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

 

Previous Post

ELMAR HÜSEYNOV AD GÜNÜNDƏ HƏMKARLARI TƏRƏFİNDƏN ANILIB

Next Post

“AMERİKANIN SƏSİ” RADİOSU: “AZƏRBAYCANDA MƏTBUAT AZADLIĞI YOXDUR”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.