“AMERİKANIN SƏSİ” RADİOSU: “AZƏRBAYCANDA MƏTBUAT AZADLIĞI YOXDUR”

iyul 20th, 2010

“Amerikanın səsi” radiosu Azərbaycanda media və söz azadlığının vəziyyəti ilə bağlı Amerika hökumətinin mövqeyini əks etdirən baş məqalə ilə çıxış edib.  

 

“Azərbaycanda mətbuat azadlığına ciddi təhlükələr mövcuddur ki, bu sıraya jurnalistlərin məhbəsdə saxlanılması da daxildir. İyulun 6-da həbsdə olan azərbaycanlı jurnalist Eynulla Fətullayev narkotik maddə saxlamaq ittihamı ilə iki il yarım azadlıqdan məhrum edilib” – deyə qeyd olunan məqalədə həmçinin bildirilir ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) media azadlığı üzrə nümayəndəsi Fətullayevin əsasında həbs olunduğu ittihamları “şübhəli” adlandırıb. “ABŞ, Avropa İttifaqı, Norvec və başqaları məhkəmə hökmü ilə bağlı narahatlıqlarını ifadə edib. Amnesty İnternational, Jurnalistləri Müdafiə Komitəsi və başqa QHT-lər Fətullayevin iyulun 6-dakı mühakiməsini hökumətin tənqidi yazılarla çıxış edən jurnalisti susdurmaq üçün işə saldığı son cəhd adlandırıb”.

 

      Məqalədə qeyd olunur ki, Avropa İnsan Hüquqları Məhkəməsi E.Fətullayevə qarşı çıxarılmış  hökmü qeyri-qanuni elan edib. “İnsan Haqları üzrə Avropa Konvensiyasına imza atmış Azərbaycan Avropa məhkəməsinin qərarlarını icra etmək barədə öhdəlik götürüb. Əgər o, bu öhdəliyə əməl etməsə, onda Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycana qarşı bir sıra cəzalandırıcı ölçülər götürə bilər” – deyə məqalədə vurğulanır.

 

      Məqalədə Avropa Şurası və ATƏT rəsmilərinin, Amerika Dövlət Departamentinin bəyanatlarına da istinad edilib.

 

     “ABŞ hökuməti Azərbaycan hökuməti də daxil olmaqla, bütün hökumətləri mətbuat azadlıqlarına, o cümlədən ənənəvi və ya yeni internet mediası vasitəsilə sərbəst araşdırma və nəşr hüquqlarına tam hörmət etməyə səsləyir. ABŞ dövlət katibi Hillari Klinton Bakıda olarkən qeyd edib ki, “vətəndaş cəmiyyətinin nümayəndələrinə hörmət ediləndə və onlara təhdid olmadan işləməyə icazə veriləndə demokratiyalar çiçəklənir və cəmiyyətlər inkişaf edir” – deyə məqalədə bildirilir.

 

Məqaləni ingilis dilində tam oxumaq üçün bu linkə müraciət edə bilərsiniz:

 

http://www1.voanews.com/policy/editorials/No-Free-Press-In-Azerbaijan-98773739.html