RATİ-NİN “AZADLIQ” VƏ “YENİ MÜSAVAT” QƏZETLƏRİNİN SATIŞINDA YARADILMIŞ SÜNİ ƏNGƏLLƏRƏ DAİR BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin Bakı şəhərinin mərkəzində satışına süni əngəllər yaradılmasını  qətiyyətlə pisləyir və bu addımı  ölkənin iki ən çoxtirajlı və tənqidi mövqedə olan qəzetlərinin susdurulması üçün hakimiyyətin növbəti addım kimi qiymətləndirir.

RATİ qeyd edir ki, istər “Azadlıq”, istərsə də “Yeni Müsavat” qəzetləri tənqidi və müxalifətə yaxın mövqedə durduqları üçün hakimiyyət tərəfindən mütəmadi olaraq basqılara məruz qalırlar. Qəzetlərin əməkdaşlarına kimsənin məsuliyyətə cəlb edilməsi ilə nəticələnməyən fiziki təzyiqlərdə məruz qalmalarından tutmuş, müstəqil olmayan məhkəmələrin çıxardıqları ədalətsiz qərarlarla astronomik məbləğlərlə cərimələnməsi yalnız adı çəkilən KİV-lərin məhv edilməsi üçün atılan addımlardandır.
RATİ onu da qeyd edir ki, adı çəkilən qəzetlər ölkənin ən çoxtirajlı qəzetləri olsalar da, mövqelərinə görə bu KİV-lərə reklam verilmir və ya reklam verən iş  adamları hakimiyyətin sərt hücumuna məruz qalırlar. Bu baxımdan  “Azadlıq” və “Yeni Müsavat” qəzetinin yeganə gəlir mənbəyi qəzet satışından gələn gəlirdir ki, artıq bu gəlir də qəzetlərin əllərindən alınır. RATİ-nin son iki həftə ərzində  apardığı monitorinq nəticəsində bəlli oldu ki, Bakı şəhərinin mərkəzində yeni yerləşdirilmiş, üzərində  “Press-köşk” yazılan və kiçik  marketə oxşayan yerlərdə ya  “Azadlıq” və “Yeni Müsavat” qəzeti ümumiyyətlə satılmır, ya da bu qəzetlərin hərəsindən cəmi 1 nüsxə satışa çıxarılır.
Habelə RATİ onu da qeyd edir ki, sözü gedən “Press-köşklər” vaxtı ilə “Qasid” mətbuat yayımının köşkləri olan ərazilərdə yerləşdirilib. “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin məlumatına görə, yalnız “Qasid”in köşklərinin yeni hansı şirkətə və ya iş adamına belə aid olduğu sirr saxlanılan “press-köşk”lərlə əvəzlənməsi hesabına adı çəkilən qəzetlər 3-5 min tirajlarını itiriblər. Azərbaycan kimi ölkədə bir qəzetin 3-5 min arası tirajını və bu tirajdan gələn gəlirini itirməsi həmin qəzetin faktiki məhvi kimi dəyərləndirilməlidir.
 RATİ Azərbaycanın bölgələrdə demək olar ki, tənqidi və müxalif mövqedə duran qəzetlərin satılmadığını, səyyar qəzet satışının tam ləğv edildiyi və ümumilikdə  Azərbaycanda mətbuat yayımı sahəsində problemlərin hakimiyyət tərəfindən məqsədli  şəkildə yaradıldığını qeyd edərək, hakimiyyəti bu addımından çəkinməyə, mətbuat, habelə insanların məlumat almaq azadlıqları hüquqlarını təmin etməyə və bu istiqamətdə üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırır.

Previous Post

TERRORİZMLƏ İCTİMAİ MÜBARİZƏ MƏRKƏZİNİN RƏHBƏRİ ŞAHMURAD MƏMMƏDOVLA MÜSAHİBƏ

Next Post

RATİ QUBA HADİSƏLƏRİ İLƏ BAĞLI DAVAM EDƏN MƏHKƏMƏ PROSESİNDƏ MÜŞAHİDƏÇİLƏRƏ TƏZYİQDƏN NARAHATDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.