RATİ-NİN HESABATI: JURNALİSTLƏRƏ TƏZYİQ DAVAM EDİR

    Bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov Media Mərkəzdə Azərbaycanda ifadə azadlığının vəziyyəti haqqında yarımillik hesabatı (1 yanvar – 1 iyul 2012-ci il) təqdim edib.

Hesabat International Media Support (IMS) və National Endowment for Democracy-nin (NED) dəstəyi ilə hazırlanıb.

    Hüseynov qeyd edib ki, hesabat konkret müraciətlər və monitorinqlər əsasında hazırlanıb və jurnalistlərə qarşı cinayətlərin cəzasızlığını, jurnalistlərin və hüquq müdafiəçilərinin təqib və həbs olunmasını, hakimiyyəti tənqid edənlərə qarşı məhkəmə təzyiqlərini, İnternetdə ifadə azadlığı sahəsində problemi və media üzərində dövlət nəzarətini əks etdirir.

    Hesabatda həmçinin tövsiyələr yer alıb. “Hakimiyyəti Elmar Hüseynovun və Rafiq Tağının qatillərini tapmağa, bununla da jurnalistlərə qarşı cinayətlərin cəzasızlığına son qoymağa çağırırıq”, deyə Hüseynov bildirib.

    Hesabatda həmçinin jurnalist Xədicə İsmayılovaya qarşı cinayətlərin üstünün açılması, bir sıra qanunlara, o cümlədən “İnformasiya əldə edilməsi haqqında” qanuna informasiya əldə etmək azadlığını məhdudlaşdıran düzəlişlərin ləğv edilməsi tövsiyə olunur.

    “Beynəlxalq qurumlara Azərbaycanda söz və ifadə azadlığı problemlərinə və Azərbaycanın beynəlxalq öhdəliklərini yerinə yetirməsinə daha diqqətlə yanaşmağı tövsiyə edirik. Qoy onlar göz yummasınlar, fəal tədbirlər görsünlər”, deyə RATİ rəhbəri bildirib.

    Hesabat müəllifləri jurnalist həmkarlarına jurnalist etikasına riayət etməyi və təhlükəsizlikləri məsələsində diqqətli olmağı tövsiyə edirlər. “Jurnalistlər öz problemləri haqqında susmamalıdır”, -deyə Hüseynov çağırış edib. O qeyd edib ki, ölkədə əsas problem fərqli fikrə qarşı dözümsüzlükdür ki, bu da çox vaxt vətəndaşlardan deyil, hakimiyyətdən irəli gəlir.

    Hesabata həbsdə olan 8 jurnalistin adları daxil edilib: “Xural” qəzetinin iki əməkdaşı – Əvəz Zeynallı və Aydın Canıyev, “Xəyal” regional TV-nin iki əməkdaşı – Zaur Quliyev və Vüqar Qonaqov, İran televiziyasının müxbiri Anar Bayramlı, “islamazeri.az” saytının baş redaktoru Ramin Bayramov və “azadxeber.az” saytının baş redaktoru Nicat Əliyev – hər ikisi narkotik saxlamaq ittihamı ilə həbs olunub.

    Siyahıya həmçinin əvvəlcə narkotik saxlamaqda, sonradan isə dövlətə xəyanətdə ittiham olunan “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun adı da salınıb.

    Emin Hüseynov həmçinin cari ilin 9 ayı üçün aralıq hesabat hazırlanacağını bildirib.

Previous Post

İRANDA HƏBSDƏ OLAN ŞAİRLƏRİN İŞİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

9, 10 avqust, 2012-ci il tarixində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.