Azərbaycan İqtidarı İnternet Azadlığını Məhdudlaşırdı

Bəyanat

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)  internetdə böhtan (diffamasiya) və təhqir xarakterli fikirlərə görə cinayət məsuliyyəti yaradan dəyişikliyin  qüvvəyə minməsini pisləyərək, iqtidarın bu hərəkətini İnternet Azadlığının məhdudlaşdırılmasına yönələn  mürtəce addım kimi qiymətləndirir.

Belə ki, iyunun 3-də Azərbaycan Respublikasının Prezidenti internetdə böhtan (diffamasiya) və təhqir xarakterli fikirlərə görə cinayət məsuliyyəti yaradan və parlament tərəfindən qəbul olunan qanun dəyişikliyini imzalayaraq onu  təsdiqləyib.  Beləliklə, bu dəyişikliklərdən sonra istənilən İnternetdə fəal olan, tənqidi fikir səsləndirən şəxsə qarşı Cinayət Məcəlləsinin 147 və 148–ci maddələri üzrə cinayət işi açmaqla həmin şəxsi 3 ilədək həbs cəzasına məhkum etmək olar.

“ Hökumət Diffamasiya maddələrindən Azərbaycanda tənqidçi jurnalistləri susdurmaq üçün istifadə edirdi, bu dəyişikliyi etməklə indi də internet fəallarının tənqidi səslərini susdurmaq və seçkiqabağı fəallığı azaltmaq istəyirlər. Bu qanunverici dəyişikliyin qüvvəyə minməsi nəticəsində Azərbaycan Qismən Azad İnterneti olan ölkədən Qismən Qeyri-Azad İnterneti olan ölkələr sırasına daxil olub ” deyə RATİ sədri Emin Hüseynov mövqeyini bildirib.

RATİ bildirir ki, ölkə prezidenti “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli Fəaliyyət Proqramı”-nı təsdiq etməklə özünü-senzuraya rəvac verən və bununla da ifadə azadlığını məhdudlaşdıran diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədi ilə qanunvericiliyin təkmilləşdirilməsi barədə  göstəriş verdiyi halda bu dəyişikliyi qəbul edərək həm öz qəbul etdiyi proqrama, həmdə Azərbaycanın ifadə və internet azadlığı ilə bağlı üzərinə götürdüyü öhdəliklərə hörmət etmədiyini göstərdi.

RATİ hesab edir ki, diffamasiya haqqında qanun qəbul edilmədiyi halda internetdəki fikirləri də senzurada saxlamaq üçün belə bir qanuni dəyişiklik edilməsinin səbəbi  prezident seçkilərinin keçirildiyi bir ildə  internet fəallarını həbs edilməkləri ilə qorxutmaqdır.

BMT-nin “İnternet İdarəçiliyi Forumu” nu 2012-ci ildə Azərbaycanda keçirərkən Azərbaycan İqtidarı bütün dünyanı inandırmaq istəyirdi ki Azərbaycan İnterneti Azad olan ölkədir və bu sahədə hakimiyyət daha da böyük islahatlar keçirmək niyyətindədir.

Son dəfə İlham Əliyev bu ilin mayın 29-da Bakıda keçən «Azərbaycan-ABŞ: Gələcəyə baxış» adlı forumunda   iştirak edən yüzlərlə ABŞ siyasətçisini Azərbaycanda tam sərbəst media və internet məkanının olduğuna inandırmağa çalışırdı. Lakin bu dəyişiklərin İlham Əliyev tərəfindən imzalanaraq qüvvəyə minməsi onu göstərir ki, prezidentin insan haqları sahəsindəki səsləndirdiyi vədlərlə bu sahədə real atılan addımlar bir-birinə ziddir.

RATİ onu da xatırladır ki, Milli Məclis mayın 14-də  da bu dəyişiklikləri qəbul etdikdən sonra bir çox yerli və beynəlxalq qurumlar, o cümlədən ATƏT-in Media Azadlığı üzrə xüsusi nümayəndəsi  Dünya Myatoviç,  Avropa Şurası İnsan Hüquqları üzrə Komissarı Nils Muiznieks İlham Əliyevə müraciət edərək bu dəyişiklikləri imzalamamaqla, qanuna veto qoymağa çağırmışdı. Lakin bütün bunlara baxmayaraq prezident bu dəyişiklikləri imzaladı .

RATİ hesab edir ki, jurnalistlərin və bloggerlərin öz müstəqil fikirlərinə görə cinayət cəzasına məhkum  olunması həm ölkə konstitusiyasına, həm də Azərbaycanın beynəlxalq öhdəliklərinə zidd olmaqla yanaşı, ölkədə tənqidi səslərin fəaliyyətinə “çəkindirici effekt” təsiri göstərir.

“Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”ın hüquqi şərhini verən ekspertlərdən ibarət müstəqil qurum- BMT İnsan Hüquqları Komitəsi qeyd edir ki, “diffamasiya qanunları hazırlanarkən diqqət yetirilməlidir ki, praktikada onlar … ifadə azadlığının boğulmasına xidmət etməsin. … İştirakçı dövlətlər diffamasiyaya görə cinayət məsuliyyətinin ləğv olunması nəzərdə saxlamalı, cinayət müddəalarının tətbiqinə yalnız ən ciddi hallarda yol verilməli və müvafiq cəza tədbiri kimi heç vaxt azadlıqdan məhrum etmə tədbiri seçilməməlidir”.

“Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt” ın iştirakçısı olan bir dövlət kimi  hökumət  bu paktın müddəalarına əməl etməməklə beynəlxalq sənədlərə qoşulmasının onlar üçün elə də vacib olmadığı  göstərirlər.

RATİ onu da qeyd edir ki, ifadə və informasiya azadlıqları Azərbaycanın imzaladığı və qoşulduğu bir çox beynəlxalq müqavilələr və hüquqi sənədlərlə təmin olunur – İnsan Hüquqları haqqında Ümumi Bəyannamə (maddə 19), Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt (maddə 19) və İnsan Hüquqları haqqında Avropa Konvensiyası (maddə 10).

RATİ hökumətin Avropa İnsan Hüquqları Konvensiyasında, Helsinki Müqaviləsində,  Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda və İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə əks olunmuş standartlara və öhdəliklərə əməl etməməsini qınayır və hökuməti götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə çağırır.

RATİ Azərbaycan hökumətini insan hüquq və azadlıqlarını məhdudlaşdıran qanunları ləğv etməyə  və insan hüquqları ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə çağırır.

RATİ həmçinin beynəlxalq təşkilatları, xüsusilə də Avropa Şurası və ATƏT-i bu məsələyə dərhal reaksiya verməyə, Azərbaycana qarşı daha sərt mövqe ortaya qoymağa və Azərbaycan hökumətinə ifadə azadlığı ilə bağlı öhdəliklərini yerinə yetirməsi üçün daha çox təzyiq göstərməyə çağırır.

Previous Post

RATİ-yə könüllülər tələb olunur

Next Post

Jurnalist Baş Prokuror və Daxili İşlər Nazirinin şahid qismində dindirilməsini istəyir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.