
İyunun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə “Tolışı sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun işi üzrə məhkəmə iclası keçirilib. Proses ilk olaraq, H. Məmmədovun vəsatət verərək, Daxili İşlər Naziri (DİN) Ramil Usubov və Baş Prokuror Zakir Qaralovun şahid qismində çağırılıb dindirilməsini istəməsi ilə başladı. Qısa sürən müşavirədən sonra hakim bu vəsatətin təmin edilmədiyini bildirib. Daha sonra Məmmədov dövlət ittihamçısının suallarını cavablandırıb. Dövlət ittihamçısı ona saxlanılan günü onun üzərində aşkar olunan narkotik vasitənin mənbəyini, bu barədə protokolda məlumatın qeyd edilib edilməməsi, mənzilində axtarış aparılarkən hal şahidinin orada olub-olmaması barədə suallar ünvanlayıb. Dövlət ittihamçısından sonra H. Məmmədov müdafiə vəkillərinin də suallarını cavablandırıb.
Proses iş üzrə şahid olan DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Ələkbər Xələfovun ifadə verməsi ilə davam edib. Xələfov H. Məmmədovun uzun müddət bu işlə məşğul olması barədə idarəyə məlumatın daxil olmasından sonra Məmmədovun yaşadığı Nizami rayon ərazisində saxlanılaraq, Baş Narkotiklə Mübarizə İdarəsinə gətirildiyini bildirib. Xələfov ifadəsində H. Məmmədovun üzərində narkotik aşkarladıqlarını və bundan sonra onun izahat verməkdən imtina etdiyini deyib. O həmçinin, H. Məmmədovun iddia etdiyi kimi idarədə ona fiziki xəsarət yetirilmədiyini bildirib.
Şahidin ifadəsindən sonra müdafiə tərəfin vəkilləri ona suallar verməyə başlayıb. Lakin hakim A. Orucov vəkillərin şahidə verdikləri suallara müdaxilə edərək, cavablandırmasına imkan verməyib. Bunun nəticəsində proses iştirakçıları məhkəməyə narazılıqlarını ifadə ediblər. Hakim A. Orucov növbəti prosesi 13 iyun saat 14:00-a təyin etdiyini bildirib.
Xatırladaq ki, Hilal Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama), 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.