18 QHT RƏHBƏRİ PREZİDENTƏ VƏ MİLLİ MƏCLİSƏ MÜRACİƏT İMZALAYIB

Dünən (12) iyun Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində Azərbaycanın avroatlantik məkana inteqrasiyasını dəstəkləyən bir qrup QHT rəhbərinin görüşü keçirilib.

Görüşdə Azərbaycanın avroatlantik məkana inteqrasiya prosesinin sürətləndirilməsi üçün ölkə prezidentinə, hökumətinə və parlamentinə birgə müraciət qəbul edilib. Eyni zamanda bu təşkilatların gələcək birgə fəaliyyətinin koordinasiyası üçün Azərbaycan-Atlantik Əməkdaşlıq Assosiasiyasının sədri Sülhəddin Əkbər, “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyinin sədri Yaşar Cəfərli və “NATO-ya  İnteqrasiya” ictimai birliyinin sədri Mehman Kərimovdan ibarət əlaqə qrupu yaradılıb.

Müraciətdə deyilir:

 
“Biz, Azərbaycanın avropa və avroatlantik strukturlara daha sıx inteqrasiyasını istəyən və ölkənin təhlükəsizliyinə vətəndaş nəzarətini həyata keçirən təşkilatlar:

* dünyada, eyni zamanda regionda geopolitik və geostrateji durumun mürəkkəbləşdiyini;
* təhlükəsizlik risklərinin və təhdidlərinin daha da artdığını;
* Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında göstərildiyi kimi, ölkəmizin strateji hədəfinin avroatlantik məkana inteqrasiya olduğunu;
* bununla bərabər, xarici təsirlərə həssas və açıq olan ölkəmizin strateji seçimilə bağlı xarici və daxili təhlükəsizlik mühitindən doğan bir sıra problemlərin olduğunu;
* bu səbəblərdən də avroatlantik məkana inteqrasiya yolunda ehtiyatla irəliləməyin anlaşılan olduğunu nəzərə alaraq, ölkəmizin yaxın strateji inkişaf perspektivi üçün bu təklifləri Sizə təqdim edirik.

Azərbaycan NATO ilə münasibətlərində strateji və taktiki hədəflərini müəyyən etməlidir. Strateji səviyyə, uzaq perspektiv üçün bu alyansa üzvlük, taktiki səviyyə üçünsə daha sıx və sürətli inteqrasiya olmalıdır. Ölkəmiz vaxt itirmədən NATO ilə münasibətlərin növbəti mərhələsinə keçməli, ikitərəfli münasibətlər nəhayət, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (İPAP) ikinci mərhələsindən çıxmalı və İntensiv Dialoq(İD) mərhələsinə keçməlidir. Bunun üçünsə Azərbaycan, ilk növbədə NATO ilə imzaladığı sənədlərdə(PfP, İPP, PARP, OCC və s.) nəzərdə tutulan islahatların həyata keçirilməsi prosesini sürətləndirməlidir. Məhz bundan sonra Azərbaycan-NATO münasibətlərində yeni mərhələyə – İD mərhələsinə qalxmaq mümkün olacaq.

Ölkəmiz Avropa Birliyinə assosiativ üzvlüyü hədəf götürərək, onun yeni Şərq tərəfdaşlığı təşəbbüsündən maksimum faydalanmalı və bu təşəbbüsün uğurla həyata keçirilməsində bütün sahələrdə yaxından iştirak etməlidir. Bu çərçivədə Azərbaycan yeni təşəbbüsdən irəli gələn demokratik islahatlar prosesini də sürətləndirməlidir.
Azərbaycan əlverişsiz beynəlxalq əhatədə olduğunu, Gürcüstan böhranından sonra regionda yeni vəziyyətin yarandığını, məqsədyönlü strateji inkişaf perspektivi üçün ABŞ-ın əhəmiyyətinin artdığını nəzərə almalı və onunla strateji tərəfdaşlıq sazişi imzalamalıdır. Mövcud şəraitdə Azərbaycanın milli təhlükəsizlik maraqlarının qorunması problemi ilə bağlı olaraq bu strateji tərəfdaşlıq sazişinin aktuallığı daha da artmışdır.
Yeni regional durumda Türkiyənin rolunun artdığı və onun Cənubi Qafqazda aktiv siyasət aparmağa başladığı da nəzərdən qaçmamalı və Azərbaycan öz təbii müttəfiqi ilə də analoji strateji tərəfdaşlıq sazişi bağlamalıdır.

Hörmətli xanımlar və cənablar!

Biz, Azərbaycanın geopolitik və geostrateji durumundan narahat olaraq, hesab edirik ki, bu addımların atılması və onların ölkə daxilində həqiqi siyasi, hüquqi, iqtisadi və hərbi demokratik islahatlarla möhkəmləndirilməsi ölkəmizin yaxın strateji inkişaf perspektivi baxımından vacibdir.

Sonda, bu narahatçılığı Sizin də bölüşəcəyinizə və bir olan vətənimizin strateji inkişafı naminə tərəfinizdən müvafiq addımların atılacağına ümid etdiyimizi bildirmək istərdik.
 
Hörmətlə,
1. Sülhəddin Əkbər, Azərbaycan-Atlantik Əməkdaşlıq Assosiasiyası
2. Yaşar Cəfərli, “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyi
3. Leyla Əliyeva, Milli və Beynəlxalq Tədqiqatlar Mərkəzi
4. Etibar Əliyev, Atlantik Klub
5. Cəsur Sümərinli, “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi
6. Ərəstun Oruclu, Şərq-Qərb Araşdırmalar Mərkəzi
7. İldırım Məmmədov, Hərbi Analitik Tədqiqatlar Mərkəzi
8. Elxan Mehdiyev, Sülh və Konfliktlərin Həlli Mərkəzi
9. Əli Bağırov, “ Silahlı Qüvvələr Veteranları” ictimai birliyi
10. Üzeyir Cəfərov, “Hərbi Jurnalistlər” ictimai birliyi
11. Pərviz Hacıyev, İctimai Maraqları Araşdırma Mərkəzi
12. Telman Əbilov, Silahlı Qüvvələrdə Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi
13. Şahin Salmanov, “Demokratik Cəmiyyət və Ordu” ictimai birliyi
14. Qalibə Budaqova, «Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi» İB
15. Fəxrəddin Məmmədov, “Gizir və Miçmanlar” ictimai birliyi
16. Tərlan Eyvazov, “Silahlı Qüvvələrə İctimai Nəzarət Mərkəzi” ictimai birliyi
17. Mehman Kərimov, “NATO-ya  İnteqrasiya” ictimai birliyi
18. Miraib Seyidov, Hərbçilərin Hüquqlarını Müdafiə Mərkəzi”
Previous Post

VƏTƏNDAŞ CƏMİYYƏTİNİN MÜDAFİƏ KOMİTƏSİ MƏTBUAT KONFRANSI KEÇİRDİ

Next Post

ATƏT VƏ AVROPA ŞURASININ NÜMAYƏNDƏLƏRİ MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.