2003-CÜ İLİN SİYASİ MƏHBUSLARI BARƏDƏ AVROPA MƏHKƏMƏSİ QƏRAR ÇIXARIB

2003-cü ildə əsassız yerə həbs edilərək işgəncə görən və məhbəs həyatı yaşayan müxalifətçilər barəsində Avropa İnsan Haqları Məhkəməsi     qərar çıxarıb. Bu barədə Avropa İnsan Haqları Məhkəməsinin rəsmi internet saytında məlumat yerləşdirilib. 

Avropa Məhkəməsi Pənah Hüseyn, Arif Hacılı, Sərdar Məmmədov (Cəlaloğlu) və  Rauf Abbasovun (Arifoğlunun) həbs edilməsini qanunsuz sayıb və  hər bir şikayətçiyə 10 min Avro təzminat ödənilməsi barədə qərar çıxarıb.
    Çıxarılan qərarla bağlı “Yeni Müsavat” qəzetinə müsahibə verən AXP lideri Pənah Hüseyn məhkəmənin düzgün verdiyini bildirib. P. Hüseyn bildirib ki, gec də olsa Avropa Məhkəməsinin bu qərarı hüquqi qərar olmaq baxımından çox əhəmiyyətlidir.
    ADP sədri Sərdar Cəlaloğlu isə qəzetə bildirib ki, məhkəmənin belə gec qərar çıxarması insan hüquqlarının pozuntusu deməkdir.  “Avropa məhkəməsinin qərarını mən birmənalı qarşılamıram. Biz Avropa İnsan haqları konvensiyasına görə iki maddə ilə əlavə şikayət vermişdik. Həmin şikayətlər təmin olunmayıb. Azadlıqdan məhrum edilməyimiz qarşılığında 10 min avro ödənilməsi əslinə qalsa Azərbaycan hökumətini bu cür həbslərə həvəsləndirir. Çünki hüquqda belə prinsip var: cəza o qədər gülünc olmamalıdır ki, bu cinayətə təşviq eləsin”,-deyə Cəlaloğlu qəzetə müsahibəsində qeyd edib.
    Xatırladaq ki,  bu dörd şəxs 2005-ci ilin martında azadlığa çıxıblar. Onlar Avropa Məhkəməsinə Azərbaycan hökumətinin Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə hüququ) və 11-ci (sərbəst toplaşmaq azadlığı) müddəalarını pozmasından şikayət ediblər. Şikayətlər eyni xarakterli olduğundan Avropa Məhkəməsi onları birləşdirib və qərarını eyni vaxtda açıqlayıb.

Previous Post

HÜQUQ MÜDAFİƏÇİSİNİN MƏHKƏMƏSİ QALMAQALLA KEÇİR

Next Post

VƏTƏNDAŞIN KASSASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.