3 HƏFTƏLİK QƏZETİN BAŞ REDAKTORU “MÜSTƏQİL MEDİA UĞRUNDA HƏRƏKAT” TƏSİS EDİB

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “Reytinq” qəzetinin baş redaktoru Afiq Mirzəbəyli və “Milli yol” qəzetinin baş redaktoru Şahin Ağabəyli Müstəqil Media Uğrunda Hərəkat təsis ediblər.

Bu barədə bu gün (26 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı məlumat verib. Onun sözlərinə görə, yeni hərəkat mətbuata, xüsusilə də həftəlik qəzetlərə qarşı qoyulan ayrı-seçkiliyə qarşı mübarizə aparacaq. “Dövlətin KİV-ə ayırdığı yardımın bir çox müstəqil mətbu orqanlara, xüsusilə də həftəlik qəzetlərə verilməməsi KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun və Mətbuat Şurasının ayrı-seçkilik salmasının nəticəsidir. Ümumiyyətlə, dəfələrlə mətbuata qarşı ayrı-seçkilik hallarına yol verilməsinin şahidi olmuşuq. Bu səbəbdən də müstəqil medianın hüquqlarının qorunması üçün alternativ media axtarışındayıq” – deyən Əvəz Zeynallı əlavə etdi ki, bu məqsədlə ölkədə fəaliyyət göstərən KİV-lərin və jurnalist təşkilatlarının, o cümlədən bu sahə ilə bağlı dövlət qurumlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub. O, əlavə etdi ki, Müstəqil Media Uğrunda Hərəkatı ayda bir dəfədən az olmayaraq müstəqil KİV-in problemlərinin müzakirəsi üçün Media Forumları  keçirəcək. Əvəz Zeynallı yaxın günlərdə Hərəkatın təsis olunması ilə bağlı mətbuat konfransı keçirəcəklərini və ictimaiyyətə geniş məlumat veriləcəyini vurğuladı.

 
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamıyla Prezidentin Ehtiyat Fondundan ayrılan 1 milyon manatın 280 min manatı milli mətbuatın 135 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi üçün Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna yönəldilib, qalan məbləğ nəşrlər və informasiya agentlikləri arasında bölünüb. 32 qəzetin hər birinə 20 min, 8 informasiya agentliyinin hər birinə isə 10 min manat verilib.

 

Previous Post

AZADLIQ MEYDANINDA YOL QƏZASI BAŞ VERİB

Next Post

“YENİ MÜSAVAT” QƏZETİNİN ƏMƏKDAŞI BİLƏSUVAR POLİSİ TƏRƏFİNDƏN SAXLANILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.