Dünən (25 iyul) “Yeni Müsavat” qəzetinin müxbiri Elmin Bədəlov Biləsuvar polisi tərəfindən saxlanılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Elmin Bədəlov özü məlumat verib.
O bildirib ki, şəhid gizir, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş aksiyanı işıqlandırmaq istəyərkən, polislər ona yaxınlaşaraq çəkilişə icazə verilmədiyini bildiriblər. E.Bədəlov həmçinin qeyd edib ki, polislər onun fotoaparatını və telefonunu əlindən alaraq fiziki təzyiq göstəriblər. Bədəlov polislərin onu şöbəyə apararaq yürüşün təşkilatçısı kimi sənədləşdirmək və inzibati məsuliyyətə cəlb etmək istədikərini də vurğulayıb: “Polis əməkdaşları məni təhqir edirdilər və bildirirdilər ki, guya mənim şəkil çəkməyim insanları qıcıqlandırır və onlar yürüş edirlər”. Fotoaparatının polislər tərəfindən sındırıldığını deyən E.Bədəlov bununla bağlı məhkəməyə müraciət edəcəyini də bildirib.
Jurnalist əlavə etdi ki, “Yeni Müsavat” məsələnin araşdırılması və jurnalistə təzyiq göstərənlərin cəzalandırılması üçün Mətbuat Şurasına müraciət edib.