APELLYASİYA MƏHKƏMƏSİ EYNULLA FƏTULLAYEV HAQQINDA HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇDİ

    Noyabrın 5- də Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun  sədrliyi ilə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru  Eynulla Fətullayev barəsində 06 iyul 2010-cu il tarixində Qaradağ rayon Məhkəməsində çıxarılmış hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi  keçirilib.

  Prosesdə Eynulla Fətullayevin vəkili İsaxan Aşurov məhkəmə iclası barədə ona  gec məlumat verildiyini əsas gətirərək  hakimdən müdafiəyə hazırlaşmaq üçün prosesi təxirə salmağı xahiş edib. Eynulla Fətullayev isə hakimə bildirib ki, ona məhkəmə barədə yalnız bu gün səhər məlumat veriblər.

            Prosesdə dövlət ittihamçısı  İsaxan Aşurovun verdiyi vəsatəti etiraz edib və  Eynulla Fətullayev barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət qaldırdı.

            Hakim onun vəsatəti barədə qərar vermədən dövlət ittihamçısının vəsatətini dinlədiyi üçün vəkil İsaxan Aşurov  məhkəmə iclasını tərk edib.

            Müşavirə elan edən hakim  məhkəmə istintaqı aparılmadan məhkəmə baxışının 22 noyabr saat 11:00-a təyin edilməsi,  Eynulla Fətullayev barəsində həbs qətimkan tədbirinin seçilməsi və  onun  Bakı İstintaq Təcridxanasına göndərilməsi barədə qərar çıxarıb.  

Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.   2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

Avropa İnsan Hüquqları Məhkəməsi isə bu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.

Onu da qeyd edək ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Məhkəmə qərarından verilən şikayətə Apellyasiya Məhkəməsində baxılır.

 

Previous Post

ƏLÖVSƏT OSMANLIYA QARŞI İRƏLİ SÜRÜLMÜŞ İTTİHAMA XİTAM VERİLİB

Next Post

GÜNÜN XƏBƏRLƏRİ 5 NOYABR 2010

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.