AZƏRBAYCANDA 15 OKTYABR PREZİDENT SEÇKİLƏRİNİN MEDİADA İŞIQLANDIRILMASI

                                                          İkinci Hesabat    

                             

                                          17  Sentyabr – 9 Oktyabr 2008

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) tərəfindən hazırlanmışdır

Bakı, 10 oktyabr –  Söz azadlığı və media ilə məşğul olan, müstəqil, bitərəf Azərbaycan QHT-si Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) 15 oktyabr prezident seçkilərinin işıqlandırılmasının sistematik şəkildə monitorinqini aparmışdır. RATİ Azərbaycan vətəndaşlarının seçkilərdə səs verərkən daha doğru seçim etmələri üçün medianın namizədlər və onların platforması haqqında obyektiv və balanslı məlumat verməklə öz vəzifəsini necə icra etməsini qiymətləndirmək üçün araşdırma aparır. 

 

Layihənin nəticələri aydın və dəqiq metodologiya vasitəsilə müəyyən edilmişdir. Layihənin məqsədi hər hansı bir namizədi və ya siyasi partiyanı dəstəkləmək deyil, əksinə, seçki kampaniyası dövründə media mühitinin bütövlükdə istiqamətini təyin etməkdir. Bu layihə Slovakiyanın media monitorinqi üzrə təşkilatı MEMO 98-in dəstəyi ilə həyata keçirilir. Bu dəstək çərçivəsində MEMO 98-in bir məsləhətçisi media və seçki üzərində mərkəzləşmiş layihəni həyata keçirməkdə, yayım və çap mediasınının analizini aparmaqda kömək etmək üçün RATİ-nin əməkdaşlarına treninqlər keçmiş və məsləhətlər vermişdir. 

 

Avqustun 15-dən etibarən RATİ 7 (yeddi) telekanalın  və 4 (dörd) qəzetin  monitorinqini aparır.  Monitorinqi aparan komanda TV proqramlarını və gündəlik qəzetləri təhlil etmiş və seçkidə iştirak edən bütün namizədlərə və eləcə də bütün siyasi fiqurlara (hazırkı prezident, prezidentliyə rəsmi namizədlər və seşkiləri boykot edən siyasətçilər) ayrılan vaxt və yer üzrə nəticələri, həmçinin  işıqlandırmanın tərzini qiymətləndirmişdir. Kəmiyyət analizi nəticəsində saat 18.00-dan saat 24.00-dək bütün proqramlarda monitorinq subyektlərinə həsr edilmiş vaxtın ümumi məcmusu ölçülmüşdür. Keyfiyyət analizi ilə monitorinq subyektlərinin hansı tərzdə (müsbət, neytral və ya mənfi) təsvir olunduğu qiymətləndirilmişdir. Monitorinq televiziyanın əsasən izlənildiyi saatlarda (hər gün 18.00-dan 24.00-a qədər) aparıldığından, əlavə edilmiş diaqramlar namizədlərin yalnız həmin saatlarda verilən xəbərlərdə işıqlandırılmasını əhatə edir.

 

Bu 15 oktyabr president seçkilərindən öncə açıqlanan ikinci hesabatdır.  Yeddi namizəd seçicilərə seçimlər təklif etsə də, canlı siyasi çıxışlar və məna kəsb edən plüralizm olmadığından bu seçki kampaniyası rəqabətdən çox uzaq olub. Hakimiyyətdə olan prezident ənənəvi kampaniya çıxışları etməkdən çəkinmiş, televiziyada namizədlər arasında gedən debatda şəxsən iştirak etməmək qərarına gəlmişdir. Digər namizədlərin hazırkı prezidentə onun hakimiyyətdə olarkən gördüyü işlər barədə birbaşa sual vermək və fikir söyləmək imkanı olmadığı üçün kampaniya mühitində yaranan demokratik çatışmamazlıq bu cür sualları verə bilən tənqidi medianın olmaması ilə vəhdət təşkil etmişdir.
 
Kampaniyanın belə aşağı səviyyədə keçməsinə və rəqabətin olmamasına bir neçə müxalifət liderinin seçkiləri boykot etməsi səbəb ola bilər. Nəticədə hakimiyyətdə olan prezident daha kiçik, az tanınan siyasi partiyaların namizədləri ilə üz-üzə gəlmişdir.


 İctimai TV iqtidarın fəaliyyətini işıqlandırmağı azaldıb və digər namizədlərə də xəbərlərdə yer ayırıb
• Dövlət televiziyası və özəl telekanalların çoxu hazırkı prezidentin fəaliyyətini həm vaxt, həm də tərz baxımından işıqlandıraraq digər fiqurlara münasibətdə ədalətsizlik nümayiş etdiriblər
• Monitorinqi aparılan telekanallar arasında namizədlərin xəbərlər proqramlarında işıqlandırılmasında ən çox ANS müxtəliflik nümayiş etdirmişdir
• Çap mediası televiziya ilə müqayisədə daha geniş fikir müxtəlifliyi təqdim edib.

 

Vətəndaşlara öz həyatlarında daha doğru seçim etmələri üçün lazım olan informasiyanı verməkdə KİV-in əsas rol oynaması seçkilər zamanı bir daha aydın şəkildə təsdiqlənir. İnsanlar çox vaxt KİV-dən aldıqları məlumata uyğun olaraq seçim qərarı verirlər. Bu halda medianın verdiyi məlumatlar seçki səhnəsinin mühüm bir hissəsi sayılır. Siyasi partiyaların, namizədlərin və müxtəlif məsələlərin mediada işıqlandırılmasının balanslı və ədalətli olması əsil azad seçkilər üçün tələb olunan bərabər şəraitin vacib elementidir. Ədalətli və məsuliyyətli işıqlandırma hər bir medianın vəzifəsi olsa da, bütün ölkə vətəndaşları tərəfindən maliyyələşən dövlət mediası xüsusi olaraq düzgün məlumat verməyə borcludur.

 

Nəticələrin xülasəsi

 

 

İctimai Televiziya özünün qanuni vəzifəsini yerinə yetirərək həftədə 3 dəfə efirə çıxan “Xalq Seçir” proqramında iştirak edən bütün namizədlərə pulsuz vaxt ayırıb. Əvvəlki monitorinq dövrü ilə müqayisədə, İTV iqtidarın fəaliyyətinin işıqlandırılmasını azaldıb və həmçinin digər namizədlərə xəbərlər proqramında yer ayırıb. Bununla belə, İ.Əliyev yenə də digər rəqiblərindən daha çox işıqlandırılıb. Rəsmi təbliğat kampaniyası başladıqdan sonra, İTV-nin xəbərlər proqramında prezident İlham Əliyevə 14 dəqiqə 18 saniyə vaxt ayrılıb. İşıqlandırmanın tərzi 75.6% müsbət və 24.4% neytral şəkildə qiymətləndirilib.  Növbəti ən çox yer alan namizəd – Fazil Qəzənfərogluna 1 dəqiqə 42 saniyə vaxt ayrılıb, işıqlandırmanın tərzi əsasən neytral olub. Digər bütün namizədlərə bir yerdə 5 dəqiqə 19 saniyə vaxt ayrılıb. Beləliklə, İTV  xəbərlər proqramında bütün namizədlərin işıqlandırılmasını heç də bərabər dərəcədə təmin etməyib.

 

Dövlət telekanalı olan AZTV qanunvericiliyə edilən dəyişikliklərdən sonra bütün namizədlərə pulsuz efir vaxtı ayırmağa və yaxud onlar üçün eyni dərəcədə şərait yaratmağa qanunla borclu deyil. Telekanal hakimiyyətdə olan prezidentə özünün çox böyük dəstəyini nümayiş etdirərək, ona monitorinq dövründə xəbərlərdə 14 saat 38 dəqiqə 27 saniyə vaxt ayırmışdır. Bu işıqlandırma tərzinə görə müstəsna olaraq müsbət və ya neytral olub. Bunun əksinə olaraq,  digər  namizədlərə bir yerdə tərzinə görə neytral qiymətləndirilən 49 saniyə vaxt ayırıblar. AZTV xəbərlərində əsasən fərmanlar və ya sərəncamlar bütövlükdə oxunub və bu zaman İlham Əliyevin şəkli arxa planda göstərilib. Bu fərmanların bəziləri həddən artıq çox vaxt aparıb, məsələn, sentyabrın 27-də AZTV prezidentin prokurorluq işçilərinin təltif edilməsi barədə fərmanının oxunmasına 7 dəqiqədən də çox vaxt ayırıb. Oktyabrın 4-də isə AZTV təhsil işçilərinin təltif edilməsi barədə fərmanın oxunmasına demək olar ki, 5 dəqiqə vaxt ayırıb. Bundan əlavə, bütün monitorinq dövründə AZTV–də Əliyev daha çox təntənəli mərasimlərdə və xeyirxah işlər görərkən göstərilib. Daha dəqiq desək, vaxt nəzərə çarpacaq dərəcədə Əliyevin Azərbaycan boyunca rayonlara  etdiyi səfərlərinə, İftar süfrəsinin açılması kimi tədbirlərdə iştirakına, bəzi yerlərin açılışlarında (məs, Lənkəranda aeroportun açılışı) iştirak etməsinə və təltif və mükafatlar verməsinə (məs, II Dünya Müharibəsi əlilinə maşın) həsr edilib.

 

AZTV-nin “Həftə” verilişinin 05 oktyabr buraxılışında namizədlərin hamısının adları çəkilib və onların şəkli 3-5 saniyə ərzində göstərilib. Lakin aparıcı İlham Əliyevin daha yaxşı mövqedə olduğunu və ötən beş ildə gördüyü işlərə görə digər namizədlərdən öndə olduğunu aydın şəkildə qeyd edib.

 

Monitorinqin 3 həftəsi ərzində RATİ monitorinqi aparılan özəl kanalların namizədləri təqdim etməsində böyük fərq aşkar etməyib – onların çoxu AZTV ilə eyni mövqe nümayiş etdirib və xəbərlər buraxılışında işıqlandırmanın böyük həcmini hakimiyyətdə olan prezidentə həsr edib.

 

Ölkə boyunca yayıma malik olan özəl telekanal Lider TV hazırkı prezidentə 1 saat 16 dəqiqə 58 saniyə ayırıb, işıqlandırmanın tərzi müstəsna olaraq müsbət olmuşdur. Digər namizədlərə bir yerdə tərzi əsasən neytral qiymətləndirilən  37 saniyə ayrılıb.

 

 Ölkə boyunca yayım gücünə malik digər özəl telekanal Space TV xəbərlərin 42 dəqiqə 20 saniyəsini  iqtidara ayırıb və bu ayrılan vaxt həddən artıq pozitiv tərzdə olub. Müqayisədə kanal digər namizədləri qətiyyən nəzərə almayıb (0 saniyə).

 

ATV monitorinqi aparılan xəbərlərin 1 saat 2 dəqiqə 30 saniyəsini çox pozitiv şəkildə iqtidara ayırıb.

Xəzər TV iqtidara nisbətən az vaxt – 28 dəqiqə  54 sanyə ayırıb və bu da əsasən müsbət tərzdə olub. Hafiz Hacıyev xəbərlərdə daha çox işıqlandırılan növbəti namizəd olub – 42 saniyə.

 

Yalnız ANS telekanalı xəbərlər proqramı çərçivəsində bütün namizədlərə müxtəlif məsələlər barədə öz baxışlarını ifadə etmək üçün imkan yaratmışdır. Ümumilikdə isə kanal öz xəbərlər proqramlarında işıqlandırmanın böyük hissəsini hazırkı prezidentə ayırıb – 39 dəqiqə 9 saniyə. Bu işıqlandırma tərzinə görə əsasən neytral və ya pozitiv olub. İqbal Ağazadə 5 dəqiqə  6 saniyə vaxt alıb, işıqlandırmanın tərzi 50/50 nisbətində neytral və pozitiv arasında bölünür.

Telekanallar seçkiləri boykot edən siyasi liderlərə heç bir yer ayırmayıb – həm də tamaşaçılara belə bir qərarın arxasında dayanan səbəbi anlamaq üçün imkan verilməyib.

Monitorinqi aparılan qəzetlər televiziya ilə müqayisədə daha böyük baxış müxtəlifliyi nümayiş etdiriblər.

Hər iki dövlət qəzeti – “Azərbaycan” və “Xalq” qanuni vəzifələrini yerinə yetirərək namizədlərə pulsuz yer ayırıblar. Lakin pulsuz yerdən kənarda qalan yerin böyük hissəsi prezident Əliyevə ayrılıb – “Azərbaycan”–da 78 % və “Xalq”-da 87 %. Əvvəl olduğu kimi, hər iki qəzetdə işıqlandırmanın demək olar ki, hamısı hazırkı prezidentin fəaliyyəti ilə əlaqəli olub. Təntənəli mərasimlər- rayonlara səfərlər, fabrik və idman komplekslərinin açılışları və “hədiyyə” və “təltif” (məs, maşın) verilməsi geniş şəkildə işıqlandırılıb və bu təqdimatların hamısı müsbət olub.

 

Sentyabrın 17-də İlham Əliyevi dəstəkləmək üçün hakim Yeni Azərbaycan Partiyasının keçirdiyi mitinqin müsbət işıqlandırılmasına “Xalq” 194 kvadrat santimetr yer ayırmışdır. Bu yerin çoxunu, arxa planda İlham Əliyevin şəkillərini əllərində aparan adamlar verilməklə, mitinqdə iştirak edən yüksək vəzifəli rəsmilərin şəkilləri tutub. “Azərbaycan” bu tədbir barədə məlumat verməyib. Nə “Azərbaycan”, nə də “Xalq” digər namizədlər tərəfindən keçirilən tədbirləri qətiyyən işıqlandırmayıb.

 

Həm “Zerkalo”,  həm də “Yeni Müsavat” qəzeti seçkilərdə iştirak edən fiqurlar haqqında kifayət qədər müxtəlif yazılar verməkdə davam ediblər, lakin “Zerkalo” bu hesabat dövründə namizədlər arasında İlham Əliyevə əvvəlkinə nisbətən daha çox yer ayırıb.

 

Yeni Müsavat” daha çox yer İqbal Ağazadəyə ayırıb – 53 %. Hətta bir neçə dəfə Ağazadənin İctimai Televiziyadakı çıxışı “Yeni Müsavat”–da olduğu kimi verilib. Bunun əksinə, bir neçə  namizəd – Fuad Əliyev və Hafiz Hacıyevin adına köşə yazılarında sadəcə istinad olunur.

 

 

Yeni Müsavat”-da İlham Əliyevə istinadların çoxu daha çox neqativ olub, nəinki pozitiv, lakin Hafiz Haciyev bu qəzetdə 100% neqativ işıqlandırılıb. İqbal Ağazadə və boykota getmiş Müsavat Partiyasının lideri İsa Qəmbər isə 100% müsbət işıqlandırılıb.

 

Prezident seçkilərində namizədlərə yer ayrılmasında “Zerkalo” müxtəliflik nümayiş etdirməyi davam etdirsə də, bu monitorinq müddətində İlham Əliyevə üstünlük verilməsi müşahidə olunub. Məsələn, 07 oktyabrda “Zerkalo” bütöv bir səhifəni (2116 kvadrat santimetr) İlham Əliyevin hazırki prezident kimi gördüyü işlərin analitik təhlilinə həsr edilmiş məqaləyə ayırıb. Bir deputat tərəfindən yazılmış bu məqalə pozitiv tərzdə olub və Əliyevin böyük bir şəkli ilə (436 kvadrat santimetr) birgə verilib. “Zerkalo” həmçinin prezidentin təntənəli işlərinə və hədiyyə vermə mərasimlərinə də yer ayırıb.

 

Nəticə

 

Namizədlərin və digər siyasi şəxslərin Azərbaycanın ənənəvi mediası tərəfindən işıqlandırma üsullarında RATİ-nin apardığı monitorinq nəticəsində aşkar edilən bir neçə narahtedici meylin olması qısamüddətli anomaliyanın nəticəsi kimi görünmür, əksinə Azərbaycan mediasında mövcud olan real meyllər təsiri bağışlayır. Bu meyllərə monitorinqi aparılan medianın müxalifətə nəzərə çarpan efir vaxtı ayırmağa və hazırkı hakimiyyətin siyasi fikirlərinə qarşı çıxmaq üçün imkanlar təklif etməyə məhəl qoymaması faktları daxildir.

Bundan əlavə, dövlət tərəfindən maliyyələşən media ictimai öhdəliklərinin əksinə olaraq, dövlət tərəfindən maliyyələşən media müxalifətə öz siyasi baxışlarını ifadə etmək üçün əhəmiyyətli imkanlar verməyib. Nəticələr təsdiq edir ki, Azərbaycan mediası ümumilikdə hələ də seçilmək istəyən şəxslərin ictimaiyyətə obyektiv, təhlil olunmuş və qiymətləndirilmiş fikirlərini təqdim edə biləcək fikir mübadiləsi, ictimai debat, üzləşmə, tədqiqat və rəy mübadiləsi üçün məkan rolunu oynamır. Bu vəziyyət namizədlər haqqında dəqiq və ədalətli işıqlandırma əldə etməkdə Azərbaycanlılar üçün çox çətinlik yaradıb.

 

 

Previous Post

AZƏRBAYCAN NƏŞRİYYATINDA OFSET ÇAP KOMPLEKSİ QURAŞDIRILIB

Next Post

RATİ MEDİA ÜZƏRİNDƏ APARDIĞI MONİTORİNQLƏ BAĞLI İKİNCİ HESABATINI AÇIQLADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.