Dünən (13 may) “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov Respublika Prokurorluğuna çağırılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) S. Şərifovun özü məlumat verib.
O bildirib ki, prokurorluğa çağırılmasının səbəbi “Azadlıq” qəzetinin 13 may tarixli sayında Sabirabadda baş verən təbii fəlakət zamanı 30 nəfərin itkin düşməsi ilə bağlı dərc olunan məlumat olub. Redaktoru qəbul edən Baş prokurorun birinci müavini Rüstəm Usubov dərc edilmiş məlumatla bağlı araşdırma aparıldığını bildirərək, xəbərin öz təsdiqini tapmadığını deyib. Redaktor öz növbəsində məlumatın istinad mənbəyinin pia.az xəbər portalı olduğunu qeyd edib. O, “Azadlıq” qəzetinin rəsmi xəbərdarlıq almasını, eləcə də qəzetin növbəti sayında məlumatın təkzib edilməsi barədə xahiş edildiyini qeyd edərək, prokurorluqda ona qarşı hər hansı təzyiqin olmadığını bildirib.
Xatırladaq ki, “Azadlıq” qəzeti 1989-cu ildən çıxır və gündəlik qəzet kimi fəaliyyət göstərir.