BAKI APELLYASİYA MƏHKƏMƏSİ RATİ-NİN ELMİN BƏDƏLOVUN MƏHKƏMƏSİ İLƏ BAĞLI MÜRACİƏTİNİ CAVABLANDIRIB

Bu gün (1 iyul) Bakı Apellyasiya Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) xaric olunmuş tələbə-jurnalist Elmin Bədəlovun Nəsimi rayon Məhkəməsinin  5 aprel tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirildi.

Hakim C.Səfiyeva ötən proseslərdə olduğu kimi bu dəfə də media nümayəndələrinin və müşahidəçilərin açıq keçirilən məhkəmə prosesinə buraxılmasına icazə vermədi.

 

Prosesdə şikayətçi E.Bədəlov və onun nümayəndəsi Fariz Namazlı, cavabdeh tərəfdən isə vəkil İlqar Cavadlı və ADNA-dan nümayəndə qismində “Neft Mexanika” fakültəsinin dekanı Qasım Məmmədov iştirak ediblər.

 

Prosesin gedişi barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) iddiaçının vəkili Fariz Namazlı məlumat verib:

 

“Biz media nümayəndələrinin açıq keçirilən məhkəmə prosesinə buraxılması ilə bağlı hakimə müraciət etdik. Hakim C.Səfiyeva bildirdi ki, müraciət bu gün  Apellyasiya Məhkəməsinin sədrinə təqdim ediləcək” – deyən vəkil F. Namazlı əlavə etdi ki, hakim növbəti prosesi  2 iyul saat 14:30-a təyin edib.

Qeyd edək ki, jurnalistləri və müşahidəçiləri açıq keçirilən məhkəmə iclaslarından kənarlaşdırdığına görə, RATİ bu barədə Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevə və Ombudsman Elmira Süleymanovaya müraciət edib.

 

Bu gün (01 iyul) Bakı Apellyasiya Məhkəməsinin təşkilat şöbəsinin müdiri Rəşad Məmmədovun RATİ-yə göndərdiyi məktubda bildirilir ki, sözügedən şikayət üzrə 10.06.2010-cu il tarixdə keçirilən prosesdə iclas başlayandan sonra media nümayəndələrinin icazəsiz şəkildə daxil olmalarına hakim icazə verməmişdir. Həmçinin məktubda vurğulanır ki, hər bir şəxs, o cümlədən media nümayəndələri qapalı keçirilən məhkəmə prosesləri istisna olmaqla Bakı Apellyasiya Məhkəməsində keçirilən bütün məhkəmə proseslərində iştirak edə bilərlər.

 

Xatırladaq ki, hazırda “Yeni Müsavat” qəzetinin əməkdaşı olan Elmin Bədəlov 19 yanvar 2010-cu ildə ADNA-dan xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında  “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı  məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını bildirir və imtahanlardan qərəz nəticəsində kəsildiyini iddia edir. Pozulmuş təhsil hüququnun bərpa edilməsi üçün Nəsimi Rayon Məhkəməsində Azərbaycan Dövlət Neft Akademiyasına və  rektor Siyavuş Qarayevə qarşı iddia qaldırsa da, 05 aprel 2010-cu ildə iddianın təmin edilməməsi ilə bağlı qərar çıxarılıb.

 

Previous Post

TELEJURNALİST MƏTBUAT KONFRANSI KEÇİRİB

Next Post

YASAMAL RAYON İCRA BAŞÇISININ XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİASI İCRAATA QƏBUL EDİLDİ

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.