BAŞ REDAKTOR MÜAVİNİNƏ QARŞI XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİA İCRAATA GÖTÜRÜLDÜ

Bu gün (27 aprel) Nizami rayon Məhkəməsində hakim Ziya Əliyevin sədrliyi ilə “İdeal” qəzetinin həbsdə olan baş redaktoru Nazim Quliyev və “Binə” Ticarət Mərkəzinin direktoru Dilşad Əmirovanın  “Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini Azər Ayxana qarşı ilə xüsusi ittiham qaydasında iddiasına əsasən hazırlıq iclası davam edib.

İclasda ittihamçıların vəkilləri Vüqar Xasayev, Elbrus Sarıvəlli, cavabdeh tərəfdən isə Azər Ayxan və vəkili Elçin Sadıqov iştirak edirdilər.
Qeyd edək ki, dünən keçirilən hazırlıq iclasında (26 aprel) cavabdehin vəkili E.Sadıqov xüsusi ittihamçı Nazim Quliyevin vəkilinə verilən etibarnamədə onun imzasının olmamasını əsas gətirərək, vəkilin prosesdə iştirakından imtina edilməsi barədə vəsatət qaldırmışdı.
Bu gün hakim bu vəsatətə baxılmasının dayandırılması və iddiaya mahiyyəti üzrə baxılması üçün prosesin 6 may saat 14:30-a təyin edilməsinə qərar verdi.
Qeyd edək ki, iddiaya 2008-ci ilin noyabr ayından başlayaraq qəzetin 10 sayında iddiaçılar barəsində dərc olunan 20 məqalə səbəb olub. İddiaçılar “Nazim Quliyev PKK-nı təbliğ edir”, “Nazim Quliyevin arxasında kim durur”, “Nazim Quliyev yenə Bəylər Əyyubovun adından istifadə edir”, “Nazim Quliyev” Apellyasiya Məhkəməsinə 350 min manat rüşvət vermək istəyir” və digər yazılarda böhtana məruz qaldıqlarını, təhqir olunduqlarını hesab edərək, A.Ayxanın CM-nin 147.2. (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci maddəsi (təhqir) ilə cinayət məsuliyyətinə cəlb edilərək, cəzalandırılmasını istəyiblər.
Xatırladaq ki, “İdeal” qəzetinin təsisçisi N.Quliyev diffamasiya maddələri ilə 20 may 2009-cu il tarixdə 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan ona qarşı  15 yanvar 2009-cu ildə isə Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə zor tətbiq etmə ilə törədildikdə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 221.1-ci (xuliqanlıq), 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə təqsirli bilinərək, 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. N.Quliyevin həbsindən sonra “İdeal” qəzeti nəşrini dayandırıb. 1998-ci ilin noyabr ayından fəaliyyət göstərən “İdeal” qəzetinin nəşrində dəfələrlə fasilələr olub. Bu fasilələr əsasən təsisçi Nazim Quliyevin həbsləri ilə bağlı olub.
Xatırladaq ki, ölkənin ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1993-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur.

Previous Post

VİTSE-SPİKER EYNULLA FƏTULLAYEVLƏ BAĞLI QƏRARA MÜNASİBƏT BİLDİRİB

Next Post

İNTERNETİN KEYFİYYƏTİNİN ÖYRƏNİLMƏSİ MƏQSƏDİLƏ SORĞU KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.