ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi Mikloş Haraşti Azərbaycanda iki bloqqerə xuliqanlıq və bədənə az ağır xəsarət yetirmə ittihamıyla iş kəsilməsi ilə bağlı Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarova məktub yazıb.
ABŞ Dövlət Departamentinin sözçüsü Yan Kelli bəyanatında bildirib ki, ABŞ Dövlət Departamenti Emin Milli və Adnan Hacızadənin azadlıqdan məhrum edilməsi barədə məhkəmə qərarından məyus olub. ABŞ-da Veteranlar Günü münasibətilə istirahət günü olmasına baxmayaraq, xüsusi bəyanatla çıxış edən Yan Kelli bildirir ki, qeyri-şəffaf istintaq, qapalı məhkəmə, hücum edənlərin həbs edilməməsi və məsuliyyətə cəlb olunmaması polisin və məhkəmə sisteminin müstəqilliyinə çox ciddi şübhələr yaradır. Bu, həmçinin Azərbaycanda ifadə azadlığının məhdudlaşdırılmasından narahatlıqları gücləndirir.
Yan Kelli daha sonra bildirib: “Ümid edirik ki, son dörd ayda baş verən hadisələr Azərbaycanda söz azadlığının korlanmasının siqnalı olmayacaq.Biz apelyasiya prosesini ədalətli, vaxtında və şəffaf keçirilməsinə çağırırıq. Ümid edirik ki, "hakimiyyət ölkədə vətəndaş cəmiyyətini sıxışdırmayacaq və Azərbaycan xalqının layiq olduğu demokratik islahatlar üçün cəhdlərini davam etdirəcək.”
Beynəlxalq təşkilat olan Jurnalistlərin Müdafiə Komitəsi verdiyi bəyanatda hər iki bloqqerə xuliqanlıq və bədənə ağır xəsarət yetirmə ittihamı ilə iş kəsilməsini pisləyir.
JMK Avropa və Mərkəzi Asiya Proqramının Koordinatoru Nina Ognianova bildirib: “Biz Azərbaycan hökumətini Emin Milli və Adnan Hacızadəyə qarşı uydurma ittihamları ləğv etməyə və onları azad etməyə çağırırıq. Polisin mübarizə aparmaq üsulu kimi təxribatdan tələ kimi istifadə etməsi Azərbaycanda tənqidçi jurnalistləri susdurmaq üçün vasitədir.”
Freedom House beynəlxalq hüquq-müdafiə təşkilatı Azərbaycan məhkəməsinin bloggerlər barədə qərarından dərin narahatlığını bildirib. “Biz bir sıra səbəblərə görə bu qərardan çox narahatıq. Birincisi, Azərbaycanda məhkəmənin müstəqilliyi ilə bağlı böyük şübhələr yaranır. Digər tərəfdən, bu, indi Azərbaycan hökumətinin represiya hədəfində yeni KİV növlərinin nümayəndələri olacağına işarədir”, deyə Freedom House-un araşdırma proqramlarının direktoru Kristofer Voker (Christopher Walker) “Turan”ın Vaşinqton müxbiri ilə söhbətində bildirib.
Vaşinqtonda yerləşən Siyasət, Demokratiya və İnternet İnstitutunun (Institute for Politics, Democracy & the Internet) direktoru Culi Barko Cermani (Julie Barko Germany), “Turan”ın Vaşinqton müxbirinə bildirib ki, Azərbaycanda bloggerlərin həbsi “hökumətlərin yeni texnologiyalara uyğunlaşmaqda çox astagəl ola bilməsinin” göstəricisidir. “İnsanlar, xüsusən gənclər belə astagəl deyillər və onlar hökuməti qorxudan bloggerlik və videosiyasət kimi təzahürlərə tez uyğunlaşırlar. Bloggerlərə diqqət yetirmək əvəzinə hökumətlər onları həbs edir. Bu, çox uğursuz nümunədir. Çünki mən hökumətlərin bloggerlərlə əlaqə yaradaraq, vəziyyətə baxışlarını onlara izah etmələrinin və ya onları müsahibəyə dəvət etmələrinin şahidi olmuşam. Bu taktikadan hökumət və vətəndaşlar arasında etimadı bərpa etmək üçün istifadə olunurdu. Buna görə siyasi bloq sahəsindən istifadə etmək üçün yaxşı imkanlar var, amma belə hallarda hökumətlər şəffaf, məxfi və açıq fəaliyyət göstərməlidirlər”, deyə Cermani qeyd edib.
Avropa Şurasının baş katibi Turbyorn Yaqland gənc bloggerlər Emin Milli və Adnan Hacızadə barəsində “sərt” hökmlə bağlı dərin narahatlığını bildirib.
“Azərbaycan hakimiyyəti KİV-ə və vətəndaş cəmiyyətinə və ümumilikdə ictimai tənqidə münasibətinə yenidən baxmalı və bu münasibəti Avropa Şurasının və Avropa İnsan Hüquqları Konvensiyasının üzvü kimi öz öhdəliklərinə uyğunlaşdırmalıdır. İfadə azadlığı demokratiyanın zəruri şərtidir. Onsuz heç bir azadlıq, heç bir yaradıcılıq potensialı, heç bir yaxşı ideya, yaxşı qərar və heç bir sosial irəliləyiş ola bilməz. Gündəlikdə təkcə Adnan və Eminin azadlığına deyil, Azərbaycanda bütün insanların azadlıq və rifahına olan təhlükə durur”, deyə Yaqland qeyd edib.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində axşam saatlarında dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb. İyulun 20-də Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. İstintaq gənclərə qarşı Cinayət Məcəlləsinin 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürmüş və Səbail rayon məhkəməsi noyabrın 11-də Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.