“DEMOKRATİYA ÜÇÜN OXU” KAMPANİYASI ÇƏRÇİVƏSİNDƏ DƏYİRMİ MASA KEÇİRİLDİ

noyabr 23rd, 2011
“Demokratiya üçün oxu” – “Sing for democracy” kampaniyası çərçivəsində (kampaniyanın əvvəlki adı – “Azad olmayan ölkədə azad musiqi”) çərşənbə axşamı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ)  ofisində ikinci dəyirmi masa keçirilib.

Kampaniyanın koordinatoru,  İnsan Hüquqları Klubunun sədri Rəsul Cəfərov xatırladıb ki, kampaniya altı istiqamət üzrə keçirilir: siyasi məhbuslar, viza rejimi, əmlak hüquqları, TV və radioların fəaliyyəti, məhkəmə sistemi və müstəqil vəkillərə təzyiq.

            Kampaniya iştirakçıları bu ilin oktyabrında sözügedən problemlərin həllinə köməklik göstərmək xahişi ilə Avropa Yayım Birliyinə (AYB) müraciət ediblər. Lakin AYB-dən məsələnin siyasiləşdirilməsini istəmədiklərini bildiriblər.

            Cəfərovun sözlərinə görə, kampaniya üzvləri təkrarən AYB-yə müraciət etmək niyyətindədirlər, belə ki, Azərbaycanda vəziyyət pisləşir: “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsi, əmlak hüquqlarının pozulmasının davam etməsi, aksiyaların dağıdılması və s. bunun göstəricisidir.

              O, həmçinin bildirib ki, XİN-ə viza rejiminin sadələşdirilməsi ilə bağlı iki sorğu göndərilib, lakin onlara məhəl qoyulmayıb. Bununla əlaqədar olaraq kampaniya üzvləri 1 saylı Bakı İnzibati-Ərazi məhkəməsinə iddia ilə müraciət ediblər. XİN məhkəmənin iki iclasına da məhəl qoymayıb. Üçüncü iclas dekabrın 5- nə təyin olunub.

            Siyasi Azadlıqları Müdafiə Alyansının rəhbəri Anar Məmmədli qeyd edib ki, kampaniya 10 dekabr – İnsan Hüquqları Bəyannaməsinin qəbul edildiyi günə həsr olunmuş tədbir keçirmək niyyətindədir. O, həmçinin siyasi məhbuslar məsələsinə toxunub. Bu məsələ 15 ildir ki, həllini tapmır. Hər il siyasi məhbusların siyahısı yenilənir və yeni adlar əlavə olunur. Bu siyahıya potensial namizəd “Xural”ın redaktoru Əvəz Zeynallıdır.

            Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov bildirib ki, bu günlərdə kampaniyanın singfordemocracy.org saytı da fəaliyyətə başlayacaq.

            Amerikanın İREX təşkilatının hüquqşünası Ələsgər Məmmədli elektron KİV-lərin fəaliyyətinə toxunaraq qeyd edib ki, bu gün onlar cəmiyyətin problemlərini əks etdirmir. Bu KİV-lər diktə ilə işləyir, onlarda plüralizm və alternativ fikir yoxdur.

            Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayıl əmlak hüquqlarının pozulması mövzusuna toxunub. Hazırda birinci instansiya məhkəmələri ARDNŞ və digər şirkətlərə məxsus evlərin sökülməsi haqqında beş min qərar çıxarıb. Paytaxt ətrafında – Bayılda, 20-ci sahədə, Binəqədi, Suraxanı, Sabunçu rayonlarında 35-40 min evin sökülməsi nəzərdə tutulur. İnsanlar 10 ildən çoxdur bu evlərdə yaşayırlar. Onlara heç bir kompensasiya vəd olunmur, hətta əlində evin sənədləri olanlara belə.

             “Demokratik monitorinq” təşkilatının rəhbəri Fuad Həsənovun sözlərinə görə, kampaniya üzvləri beynəlxalq qurumlarla əməkdaşlıq edəcəklər. Kampaniya üzvləri vətəndaş mövqeləri ilə fərqlənən məşhur ifaçılar – Stinq və Bononu (“Yutu” qrupunun solisti) kampaniyaya cəlb etmək niyyətindədirlər.