ELMAR HÜSEYNOV AD GÜNÜNDƏ HƏMKARLARI TƏRƏFİNDƏN ANILIB

İyulun 17-də vətəndaş cəmiyyəti nümayəndələri, siyasi partiya rəhbərləri və media təmsilçiləri “Monitor” jurnalının 2005-ci il martın 2-də qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun 43 yaşının tamam olması münasibətilə onun məzarını ziyarət ediblər.

“Bu gün Elmarın 43 yaşı olacaqdı. Ənənəyə uyğun olaraq, söz azadlığına sadiq olan hər kəs iyulun 17-də Elmarın qəbrini ziyarət edərək, ona minnətdarlığını ifadə edir” – deyə “Qanun” nəşriyyat evinin təsisçisi Şahbaz Xuduoğlu bildirib. O qeyd edib ki, ildən-ilə müstəqil jurnalistlər cərgəsi seyrəlir, söz azadlığına basqılar isə güclənir. “Buna baxmayaraq, azadlıq dəyərlərinə sadiq olanlar çətinliklərə və hədələrə baxmayaraq, Elmarın yolunu davam etdirirlər. Amma bu hədələr gerçəkləşməyəcək” – deyə o bildirib.

 

    Müsavat Partiyasının sədri İsa Qəmbər Azərbaycan xalqına belə dahi oğul bəxş etdiyi üçün Elmarın atasına – Sabir Hüseynova təşəkkür edib. “O, azad görmək istədiyi digər insanlar uğrunda həyatını qurban verdi” – deyə İsa Qəmbər bildirib.

 

    “Azərbaycan hakimiyyəti qətlin üstünün açılması üçün heç nə etmir. Bu, təsadüfi deyil, çünki Azərbaycanda söz azadlığının boğulması üzrə dövlət siyasətinin tərkib hissəsidir” – deyə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov bildirib.

 

    Çıxış edən Elmarın həmfikirləri onun müasir Azərbaycan jurnalistikası tarixində və Azərbaycanda azad düşüncənin inkişafında rolundan danışıblar.

 

    Elmarın atası – Sabir Hüseynov oğlunun xatirəsini yad edən hər kəsə təşəkkür edib. O, Elmarın qatillərinin bu vəhşi cinayətə görə layiq olduqları cəzanı çəkəcəkləri günün gələcəyinə əmin olduğunu bildirib.

 

    “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlinski isə Elmarın oğlu, anası ilə birlikdə siyasi mühacirətdə olan Aslanın atasının doğum günlərində onun qəbrini sərbəst şəkildə ziyarət edə bilməsini arzulayıb.

 

    Qeyd edək ki,  2005-ci ilin mart ayının 2-də qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun ölüm faktı ilə bağlı cinayət işi açılsa da, hələ də cinayətin üstü açılmamış, qətlin sifarişçiləri və icraçıları tapılmamışdır.

 

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,545/lang,az/

Video: http://www.irfs.az/content/view/4275/31/lang,az/

 

 

 

Previous Post

“YENİ MÜSAVAT” QƏZETİNİN “XURAL” QƏZETİNƏ QARŞI İDDİASI İCRAATA GÖTÜRÜLDÜ

Next Post

AZƏRBAYCAN HAKİMİYYƏTİ EYNULLA FƏTULLAYEVİ AZAD ETMƏK FİKRİNDƏ DEYİL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.