EYNULLA FƏTULLAYEV PENİTENSİAR XİDMƏTİNİ MƏHKƏMƏYƏ VERİB

Həbsdə olan jurnalist Eynulla Fətullayev və onun vəkili Ədliyyə Nazirliyinin Penitensiar Xidmətini məhkəməyə verib. Bu barədə Turan-a vəkili Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə verilən iddia ərizəsində məhkum jurnalistin qanunsuz həbsdə saxlanılması qeyd edilib.
           Vəkil bildirib ki, heç bir hüquqi əsas olmadan, Cinayət -Prosessual və Cəzaların İcrası Məcəlləsinin müvafiq maddəsi ilə E.Fətullayevin həbsxanada saxlanılması yolverilməzdir. Buna görə də iddia ərizəsində Penitensiar Xidmətdən həbsdə olan jurnalistin dərhal azad edilməsi tələb olunur.
           Bununla belə, E.Sadıqov bildirib ki, ərizənin Nəsimi Rayon Məhkəməsinə 10 gündən artıqdır verilməsinə baxmayaraq, işin icraata götürülməsi barədə heç bir bildiriş almayıb.
           Fətullayev hakimiyyəti noyabrın 11-də Ali Məhkəmənin Plenumunun iclasında Avropa İnsan Hüquqları Məhkəməsinin onun həbsdən azad edilməsi barədə qərarını icra etməyə çağırıb.

Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.   2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

Avropa İnsan Hüquqları Məhkəməsi isə bu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.

Onu da qeyd edək ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Məhkəmə qərarından verilən şikayətə Apellyasiya Məhkəməsində baxılır.

Previous Post

AVTOMOBİL QƏZASINDA FACİƏVİ ŞƏKİLDƏ HƏLAK OLAN JURNALİST ANILDI

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.