
“Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin həyatlına ciddi təhlükə var. Bu həyəcanlı xəbərlə bağlı martın 7-də axşam üstü saat 19.00-da RATİ-nin mətbuat mərkəzində keçirdiyi mətbuat konfransında jurnalistin vəkili Anar Qasımov məlumat verdi. Vəkili dünən Fətullayevlə 1 saylı cəzaçəkmə müəssisəsində görüşüb.
“Eynulla Fətullayev bir-sitra cəzaçəkmə müəssisələrində, o cümlədən 1 saylı cəzaçəkmə müəssisəsində həyatına təhlükənin mövcudluğunu bildirərək hüquq mühafizə orqanlarının sabiq əməkdaşlarının saxlanıldığı 9 saylı cəzaçəkmə müəssisəsinə köçürülməsini xahiş etmişdi. Amma martın 2-də axşam saat 17.00 radələrində o Bakı İstintaq Təcridxanasından çıxarılaraq naməlum istiqamətə aparılıb. Təxminən 2-3 saat gəzdirildikdən sonra aparıldığı məhbus daşıyan qapalı avtomobil saxlanılıb və avtomobilə hərbi geyimli, maskalı idman cüssəli iki şəxs minib. Onlardan kimliklərini soruşanda isə jurnalisti üzü üstə yerə yıxıblar, hətta biri ayağı ilə Eynullanın boynundan sıxıb və rus dilində “molçi” deyib”, – deyə qeyd edən vəkil hazırda Eynulla Fətullayevin öz xahişi ilə karserdə saxlanıldığını da bildirib. O jurnalistin həyatına real təhlükə olduğunu bir daha xəbərdarlıq edib.
Xatırladaq ki, Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 06 iyul 2010-cu il tarixində Eynulla Fətullayev Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı irəli sürülmüş ittiham üzrə çıxarılıb. İş üzrə verilmiş apellyasiya şikayəti təmin olunmayıb.
Habelə Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822 avro məbləğində təzminat ödəməlidir. Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.