VƏTƏNDAŞ CƏMİYYƏTİ GƏNCLƏRƏ DƏSTƏK QƏRARINI VERDİ

             Martın 7-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində  vətəndaş cəmiyyətinin nümayəndələri gənc fəal Bəxtiyar Hacıyev, AXCP gənclər komitəsinin üzvü Cabbar Savalanlı və adı çəkilən təşkilatın digər üzvü Dəyanət Babayevin hüquqlarının müdafiəsinin təşkili ilə bağlı mətbuat konfransı  keçiriblər.

  Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bildirdi ki, vətəndaş cəmiyyəti nümayəndələri son həbsləri pisləyir.

            “Martın 11-i “Xalq etirazı günü” ilə bağlı gənclərin sosial şəbəkələrdə yaydıqları informasiyadan qorxuya düşən hakimiyyət gənclərə təzyiqlərə başlayıb. Son günlər ardıcıl olaraq üç fəal gəncin həbsi hakimiyyətin siyasi sifarişi əsasında həyata keçirilib. Gənc fəal Cabbar Savalanlı saxta narkotik ittihamı ilə həbs edilib, hansıki bu ittihamla  daha öncə satirik şair Mirzə Sakit və ondan sonra isə jurnalist  Eynulla Fətullayev həbs edilib. Bu həbsin arxasınca daha bir fəal gənc Bəxtiyar Hacıyev həbs edildi. Ən maraq doğuran hadisə isə gənc fəal Dəyanət Babayev barəsində martın 4-də 10 sutka inzibati həbs qərarının seçilməsidir. Dəyanət Babayev dövlət orqanları tərəfindən tutulmuş olduğu halda, həmin dövlət orqanları bu faktı  2 gün inkar ediblər. Yalnız martın 6-sı Dəyanət Babayevin həbs edilməsi barədə məlumat veriblər.  Biz bu gün bu zorakılıq faktlarına öz etirazımızı bildiririk və gənclərə dəstək olacağıq ”, – deyə Oruclu əlavə edib.

            Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri, hüquqşünas İntiqam Əliyev isə bildirdi ki, “11 mart hərəkatında”  vətəndaş cəmiyyətinin nümayəndələri gənclərin yanında olacaqlar.

            “Ölkədə son zamanlar baş verən bu həbslərin hədəfi gənclərdir. Məqsəd çevik, fəal olan gənclərin əzmkarlığını qırmaqdır. Dövlət orqanlarının özü kriminal ilə məşğuldur. Biz beynəlxalq təşkilatlara müraciət edərək, Azərbaycana qarşı ikili standarta  son qoymağı və  Azərbaycanda baş verən son hadisələrə  öz sərt mövqeyini nümayiş etdirməyi  və  müəyyən tədbirlər görməyi tələb edəcəyik”, – deyə İntiqam Əliyev qeyd edib.

           Jurnalist Şahvələd Çobanoğlu bildirdi ki, gənclər konstitusion hüquqlarına və qanunlara uyğun olaraq keçirmək istədikləri tədbirə görə həbs ediliblər.

            Dini Etiqad və Vicdan Azadlığı Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlu isə bildirdi ki,  gənclər narkoman elan edilir,  bəzi gənclər oğurlanır,  ruhanilər isə xuliqan elan edilir. Onun sözlərinə görə, bunlar hökumətin cəmiyyəti qorxu altında saxlamağına yönələn  addımlardır.

             RATİ sədri Emin Hüseynov isə  bildirdi ki, Gəncədə iki QHT ofisindən çıxarılıb və  bu hadisələr Bakıda da təkrarlana bilər.

            Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bildirdi ki,  11 mart  “Xalq etiraz günü” ilə bağlı şəhərə ordu yerləşdiriblər və buna görə də bu ordunun gənc əsgərlərinə müraciət etmək lazımdır ki, 11 mart günü qardaş, bacılarına  güllə atmasınlar.

 Tədbirin sonunda bəyanat qəbul edildi. Bəyanatda bildirilir:       

·        Biz Azərbaycan gəncliyinin öz haqları uğrunda qanuni mübarizəsini alqışlayır və bu mübarizəni dəstəkləyirik;

·        Ölkənin tanınmış vətəndaş cəmiyyəti nümayəndələri olaraq biz Azərbaycan hakimiyyətini gənclərə qarşı aparılan repressiyanı dayandırmağı və  müxtəlif bəhanələrlə həbs edilmiş gənc fəalları qeyd-şərtsiz və  təcili olaraq azad etməyi tələb edirik;

·        Biz bütün Azərbaycan vətəndaş cəmiyyəti fəallarını və  bütün Azərbaycan vətəndaşlarını repressiyalara etiraz etməyə və müqavimət göstərməyə çağırırıq;

·        Biz Azərbaycanın güc strukturlarının əməkdaşlarını, hakimləri və dövlət məmurlarını zorakılıqdan çəkinməyə çağırır və ölkəni zorakılıq müstəvisinə çəkməməyə, hakimiyyət nümayəndələrinin qanunsuz tələblərini icra etməməyə çağırırıq;

·        Biz Azərbaycan hakimiyyətini söz və  ifadə azadlığını təmin etməyi, vətəndaş cəmiyyəti, media qurumu və  nümayəndələrinə təzyiqləri dayandırmağı tələb edirik.

Previous Post

GƏNC FƏAL TELEFONLA “BƏRK DANIŞMAQ” İTTİHAMI İLƏ SAXLANILIB

Next Post

EYNULLA FƏTULLAYEVİN HƏYATINA TƏHLÜKƏ VAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.