EYNULLA FƏTULLAYEVİN İYUNUN 2-DƏ KEÇİRİLƏN MƏHKƏMƏ PROSESİNDƏKİ ÇIXIŞI

Dünən (02 iyun) Qaradağ Rayon Məhkəməsində hakim İsmayıl Xəlilovun sədrliyi ilə “Gündəlik Azərbaycan” və  “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə qarşı qaldırılmış cinayət işi üzrə məhkəmə prosesində E.Fətullayev çıxış edib.

O, Abvropa məhkəməsinin qərarına uyğun olaraq azad olunmasını tələb edib və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bu məsələdən xəbərdar olub-olmamasını bilmək istədiyini, həmçinin bunu öyrənməyənədək aclıq aksiyası keçirəcəyini  vurğulayıb.

Fətullayevin çıxışını ixtisarlarla təqdim edirik:

“Mən məhkəmədən – eyni zamanda Azərbaycan hakimiyyətindən və Azərbaycan hakimiyyətinin müstəqil qolu sayılan məhkəmə hakimiyyətindən tələb edirəm ki, mən dərhal azadlığa buraxılmalıyam. Çünki bu Avropa məhkəməsinin tələbidir. İki aydır ki, Azərbaycan hakimiyyət nümayəndələri deyirlər ki, guya böyük palataya müraciət ediblər. Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov açıq-aşkar Azərbaycan xalqını  aldadıb və deyib ki, guya Azərbaycan tərəfi yuxarı palataya şikayətlə müraciət edib. Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov Səməd Seyidovun sözlərini təkzib edərək bildirib ki,  bu günə qədər Azərbaycan yuxarı palataya müraciət etməyib və çox güman ki,  bundan sonra da müraciət etmək fikrində deyil. Hörmətli sədr, belə olan halda mən tələb edirəm ki, azad olunum. Burada bir məsələ də meydana çıxır. Mənə indiyə qədər aydın deyil ki, ümumiyyətlə dövlət başçısı, prezident İlham Əliyev Avropa məhkəməsinin bu qərarı haqında  məlumatlıdır, ya yox? Bəlkə heç məlumat verilməyib, bəlkə heç  xəbəri yoxdur?

Ona görə də hörmətli sədr, mən bu gündən aclıq elan edirəm. Bu mənim qərarımdır və tələbim ondan ibarətdir ki, İlham Əliyev sadəcə bu məsələyə münasibət bildirsin. Fərqi yoxdur, rəsmi və ya qeyri-rəsmi səviyyədə mənə məlumat verilsin ki, dövlət başçısı İnsan Haqları üzrə Avropa Məhkəməsinin mənim azad olunmağım barədə qərarından məlumatlıdır, ya yox?

Hörmətli sədr, mənim həmkarlarımdan və jurnalistlərdən bir xahişim var. Mən 2008-ci ildə 18 gün aclıq aksiyası keçirdim onlar da mənə dəstək verdilər. Amma istəyirəm ki, indi heç kim mənə qoşulub aclıq etməsin.  Çünki mən aclığı fərdi qaydada keçirmək istəyirəm. Sadəcə mən həmkarlarımdan bir xahiş etmək istəyirəm, o cümlədən qardaşım Şahvələd Çobanoğlu, Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Rauf Arifoğlu, Azər Əhmədov yığışıb Prezident Aparatına getsinlər və prezidentlə görüş tələb etsinlər. Prezident görüşəcəksə lap yaxşı, əgər görüşməyəcəksə, heç olmasa Prezident Administrasiyasının  rəhbəri Ramiz Mehdiyevlə görüşsünlər. Bu tələbimi ona çatdırsınlar ki, Eynulla Fətullayev bir məsələni öyrənmək istəyir – Azərbaycanın Dövlət başçısı İnsan Haqları məhkəməsinin qərarından məlumatlıdır ya yox? Mən bu məlumatı alan kimi aclıq aksiyasını dayandıracağam. Mən aclığı bu dəqiqədən elan edirəm. Hörmətli hakim, sizdən də xahişim budur ki, məni Bakı İstintaq Təcridxanasına müraciət edəsiniz, məni tibbi hissəyə keçirsinlər ki, səhhətim nəzarət altında olsun. Əgər həmkarlarımı rəsmi qəbul etsələr və  mənə məlumat verilsə ki, prezident bu məsələni bilir, ya yox, bu mənə bu kifayətdir. Bəlkə ondan gizlədirlər? Çünki görürsünüz ki, Səməd Seyidov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan cəmiyyətini aldadırlar ki, biz Avropa Məhkəməsinin böyük palatasına şikayət vermişik, amma  məlum olur ki, heç bir şikayət verilməyib və 2 aydır bu adamlar xalqı aldadırlar.  Avropa Məhkəməsinin  katibliyi təsdiq etdi ki, indiyədək heç bir şikayət verilməyib. Çingiz Əsgərov isə hələ ki mətn üzərində işləyir, Bu nə mətndir belə? Məgər beləmi çətindir bu mətni hazırlamaq?  Lazımdırsa mən onlara kömək edim, o mətni hazırlayaq bir yerdə.  Avropa Məhkəməsində yazışmanı biz aparmışıq, ona görə bizim təcrübəmiz var.Amma siz məni bu dəqiqə azad etsəniz onda mən aclıq aksiyanı şübhəsiz ki, keçirməyəcəyəm. Nə bilmək olar bəlkə siz məni azad etmək istəyirsiniz?

Ola bilər ki, danışılan yalanlar dövlət başçısını yanıltsın. Axı dəfələrlə biz bu təcrübələrdən çıxmışıq. Dövlət başçısına yalandan deməmişdilərmi ki, guya Eynulla Fətullayev sizi təhqir edib? Bunu ona MTN çatdırmışdı, aldatmışdılar dövlət başçısını. Ondan sonra mənim cibimə narkotik atdılar. Bunu gözəl bilirəm, dəfələrlə sınaqdan keçirmişəm, dəfələrlə yanlış məlumatlar gedib bəzi nazirliklər tərəfindən. Mən ona görə araşdırmaq istəyirəm, dövlət başçısı bundan xəbərdardır, ya xəbərdar deyil.

Mən sizə də təşəkkür edərdim, siz hakimsiniz, hakimiyyətin təmsilçisisiniz. Siz Azərbaycan haqqında qərarları verirsiniz,  siz özünüz də dövlət başçısına müraciət edə bilərsiniz  ki, Eynulla Fətullayev və vəkili mənə Avropa məhkəməsinin qərarını təqdim ediblər və həmin qərarda bu şəxsin dərhal azad olunması gündəmə qoyulub. Siz səmimi və vicdanlı insansınız,  hörmətli sədr. Yox, bu kompliment deyil, mən əsasən heç kimi tərifləmirəm, tənqid edirəm, amma siz tərifə layiqli insansınız. Ona görə də mən sizdən xahiş edirəm, dövlət başçısına bu haqda məruzə edin. Axı Avropa məhkəməsinin qərarının icra olunmaması ilə bağlı biz sizə müraciət etməyək, kimə müraciət edək? Biz Avropa məhkəməsinin qərarını təqdim etmişik və həmin qərardan çıxış edərək siz məni azad edə, taleyimi həll edə bilərsiniz. Heç kim sizi qınamaz, əksinə, Avropa məhkəməsi və bütün dünyadakı ədalətli məhkəmələr sizə minnətdar olar. İlham Əliyev – beynəlxalq hüquqa ehtiram və hörmət göstərən bir şəxs indi niyə Avropa məhkəməsinin qərarına etinasızlıq edir? Bax, bu məni düşündürən əsas məsələdir, hörmətli sədr. İlham Əliyev öz çıxışlarında həmişə Ermənistanı mühakimə edəndə, Ermənistanın işğalçı mövqeyini ifşa edəndə BMT-nin və ATƏT-in beynəlxalq hüququnun sənədlərinə istinad edir. Burada da beynəlxalq hüququn, konvensiyanın pozulması və beynəlxalq məhkəmənin  sənədi var. Düşünmürəm ki, prezident buna etinasızlıq  göstərsin. Ona görə də siz müraciət edin hörmətli sədr, qoy sizə də rədd cavabı versinlər. “

Qeyd edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi  üzrə qərar verib. Aprelin 22-də açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.

Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.
Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.
2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Bununla əlaqədar olaraq Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində E. Fətullayev barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə açılmış cinayət işi üzrə istintaq yekunlaşıb və bu işə Qaradağ rayon məhkəməsində baxılır. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu işi  yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir.

Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

 

Previous Post

EYNULLA FƏTULLAYEV ACLIĞA BAŞLADI

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.