EYNULLA FƏTULLAYEVİN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR DİNDİRİLİB

Bu gün (14 may) Qaradağ Rayon Məhkəməsində hakim İsmayıl Xəlilovun sədrliyi ilə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə qarşı qaldırılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə məhkumlar Oruc Bayramov, Rəhim Məmmədov, Azər Əhmədov və Eynulla Fətullayevlə eyni gündə üzərində narkotik maddə aşkar edilmiş Şahin Şəmsiyev şahid kimi dindiriliblər.

Şahid Oruc Bayramov bildirib ki, Eynulla Fətullayev hərbi xidmətdə olarkən narkotik maddə qəbul etməsi ilə bağlı ona etiraflar edib və həbsxanada da qəbul etmək istədiyini deyib. O həmçinin E.Fətullayevi bir neçə dəfə “hallı” vəziyyətdə gördüyünü də qeyd edib. E.Fətullayevin vəkili Rəşid Hacılı Oruc Bayramova zorlama maddəsi ilə həbs olunduğunu xatırladaraq, bu işdə zərərçəkənin kim olması ilə bağlı sualına şahid əvvəlcə cavab verməsə də, sonradan həmin şəxsin yaşadığı qadının qızı olduğunu dedi.

Eynulla Fətullayev Oruc Bayramovun dediklərinə cavab olaraq Azərbaycan hakimiyyətinin əvvəlcə Penitensiar xidməti ləkələdiyini, indi isə ordunu ləkələməyə çalışdığını bildirdi. O, Oruc Bayramovun səsləndirdiyi şahid ifadələrinin yalan olduğunu, nəinki orduda və həbsxanada olarkən, ümumiyyətlə heç vaxt narkotik maddə qəbul etmədiyini və bu barədə Oruc Bayramovla söhbət etmədiyini qeyd etdi.

Şahid Şahin Şəmsiyev isə həmin gün onun da üzərində axtarış aparıldığını və narkotik maddə aşkar olunduğunu qeyd edib və həmin maddəni həbsxananın həyətindən tapdığını vurğulayıb.  O, Eynulla Fətullayevin üzərində axtarış aparılmasını görmədiyini, onun üzərindən narkotik tapılmasına isə təəccübləndiyini bildirdi.

Digər şahidlər Rəhim Məmmədov və Azər Əhmədov E. Fətullayevin həbsxanada nə vaxtsa narkotik maddə qəbul etməsi ilə bağlı məlumatları olmadıqlarını bildiriblər.
Növbəti proses 19 may saat 11.00-a təyin edildi.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi üzrə qərar verib. Aprelin 22-də açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.

Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.

Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.

 
2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Bununla əlaqədar olaraq Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində E. Fətullayev barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə açılmış cinayət işi üzrə istintaq yekunlaşıb və bu işə Qaradağ rayon məhkəməsində baxılır. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu işi  yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir.

Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

HAKİM RATİ-NİN ƏMƏKDAŞLARINI MƏHKƏMƏ ZALINA BURAXMAYIB

Next Post

AZƏRBAYCANDA İŞGƏNCƏLƏR ƏLEYHİNƏ MÜRACİƏT

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.