GÖYÇAYDA QƏZETLƏRİN YAYIMINA QADAĞA QOYULUB

İyunun 15-dən etibarən Göyçay rayonunda “Bizim Yol”, “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin satışına qadağa qoyulub .Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Demokratiyanın Müdafiəsinə Kömək İctimai Birliyinin (DMKİB) rəhbəri Vidadi İsgəndərov məlumat verib.

 Onun sözlərinə görə, bu qadağa Göyçay rayon polis şöbəsinin rəisi Vüqar Məmmədyarov tərəfindən tətbiq edilib: “Artıq bir neçə gündür ki, mətbuatda, xüsusən də sözügedən qəzetlərdə Göyçay rayon polis şöbəsinin rəisi Vüqar Məmmədyarovun qanunsuz hərəkətləri barədə yazılar dərc olunur. Bu da rəisin qəzəbinə səbəb olub və 15 iyundan etibarən sözügedən qəzetlərin rayona gətirilməsinə qadağa qoyulub.”
 “Yeni Musavat “ qəzetinin baş direktoru Ələsgər Süleymanov, “Bizim Yol” qəzetinin əməkdaşı Nemət Hüseynli və “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov da xəbəri təsdiqlədilər. Onlar bildirdilər ki, qəzetin satışına qoyulan qeyri-rəsmi qadağa göyçaylı iş adamı Çingiz Mayılovun həbs olunmasına görə qohumlarının Bakıda keçirdiyi aksiya ilə haqqında qəzetlərdə material getməsidir.
 Məsələ ilə bağlı Göyçay rayon polis şöbəsinin rəisi Vüqar Məmmədyarovla danışmaq cəhdimiz baş tutmadı. Polis şöbəsinin növbətçi hissəsindən Şahmalı Mustafayev RATİ-nin əməkdaşına xəbərin doğru olmadığını və polisin belə bir səlahiyyətə malik olmadığını deyib.
 Qəzetlərin regionlarda yayımı ilə məşğul olan “Azərmətbuatyayım” firması da qəzetlərin satışına qadağa qoyulması xəbərini təkzib etdi.
Previous Post

MƏTBUAT ŞURASINA QARŞI İDDİAYA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

ƏDLİYYƏ NAZİRLİYİNƏ QARŞI MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.