HÜQUQ MÜDAFİƏÇİSİ VİDADİ İSGƏNDƏROVUN MƏHKƏMƏSİ QALMAQALLA DAVAM EDİR

avqust 3rd, 2011
Avqustun 2-si və 3-də Göyçay  Rayon Məhkəməsində  hakimi Elxan Süleymanovun sədrliyi ilə hüquq müdafiəçisi Vidadi İsgəndərovun məhkəməsi davam edib. Ayın 2-də davam edən prosesdə V.İsgəndərov Göyçay Polis İdarəsinin müvəqqəti saxlanma məntəqəsində   insan həyatı üçün dözülməz şəraitdə saxlanıldığını dedi: “Mənə iki gündür ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun tapşırığı ilə qanunla hüququm olan yarım saatlıq təmiz havada gəzinti də yasaq edilib.

50 dərəcə istində, üfunətli kamerada ventelyator belə verilmir. Cənab hakim siz deyin, şəkərli diabeti, təzyiqi olan bir insan bu şəraitdə necə qala bilər?”.

Hakim bu məsələni araşdıracağına söz verdi və proses ötən məhkəmə iclaslarında V.İsgəndərov və vəkili Xalid Bağırovun qaldırdığı vəsatətin araşdırılması ilə davam etdi. Belə ki, müdafiə tərəfi V.İsgəndərova verilmiş ittihamın tərkibi barədə məhkəmədən yazılı izahat istəyib. Bir qədər mübahisədən sonra hakim bu vəsatətin təmin edildiyini bildirdi. Daha sonra V.İsgəndərov yeni vəsatətlər qaldırdı. Vəsatətlərdən biri onun saxlanma şəraitinin qanunun tələblərinə uyğunlaşdırılması,  digəri onun vəkili Xalid Bağırova qarşı hədələrin və milli mənsubiyyətinə görə (vəkil Azərbaycanın milli azlıqlarından olan talış millətinin nümayəndəsidir)  təhqir edilməsinin dayandırılmağı və  sonuncusu  baş prokuror Zakir Qaralova qarşı cinayət işinin başlanması, onun mülklərinin isə müsadirə edilməsi üçün qərardadın çıxarılmağı ilə bağlı idi. Uzun mübahisələrdən sonra hakim heç bir vəsatəti təmin etmədiyini dedi. Hakimin müşavirəsiz və vəsatətləri “topdan” təmin etməməyini açıqlamağı V.İsgəndərovu özündən çıxardı və o zalda da yüksək vəzifəli şəxslərə “yengəlik” edən adamların olduğunu və buna görə qohum-əqrəbasının zala yer azlığına görə buraxılmamağından şikayət etdi.

Hakim isə zalda əyləşmiş zərərçəkmiş Şərafəddin Bayramovu ifadə vermək üçün tribunaya dəvət etmək istəyirdi ki, zalda əyləşənlərdən biri yerindən qışqırdı: “ Sən öləsən, Vidadi, səni biabır edəcəm Göyçayda, hamıya “afişa” buraxacam ki, səni üzdəniraqlarla bir kamerada saxlayırlar.
            Bunu deyən Qarayazı kəndinin keçmiş bələdiyyə sədri, Göyçay şəhər Kommunal Təsərrüfat Birliyinin sədri Loğman Əliyev idi. O, məhkəmə iclasına ilk gündən gəlir və buna qədər də Vidadi İsgəndərliyə atmacalar söyləməklə məhkəmə iclaslarının gedişatını dəfələrlə pozub. Bu dəfə də məhkəmə zalında ara qarışdı. Vidadi İsgəndərli masanın üstündəki su ilə dolu qabı götürərək Loğman Əliyevə tərəf atmaq istəyəndə polis işçiləri qarşısını kəsdilər. Hakim isə yalnız bundan sonra Loğman Əliyevin zaldan çıxarılmağı haqqında göstəriş verdi və özü də fasilə elan etmədən zalından çıxdı.  Bundan sonra isə zalda L.Əliyevlə gələn şəxslərlə V.İsgəndərovun qohumları arasında da dava-dalaş başladı və polis bu dava-dalaşı təxminin 10 dəqiqəyə sakitləşdirməyə nail oldu.

Daha sonra proses Şərafəddin Bayramovu ifadəsi ilə davam etdi. Qarabağ müharibəsi əlili olan 38 yaşlı Ş.Bayramov hakimin uzun-uzadı təkidindən sonra yalan ifadə verdiyi halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə iltizama imza atdı. İşdə zərərəçəkən kimi göstərilən Ş.Bayramovun sərbəst ifadəsindən sonra məlum oldu ki, o adını və soyadını belə yaza bilməyən tam savadsı bir adamdır. O işə sakini olduğu Mirzəhüseynli kənd icra nümayəndəsinin aldadılması və boş kağıza imza atılmağı ilə cəlb edilib: “İcra nümayəndəmiz Səyad müəllim dedi ki, səs verməyənlərin siyahısını toplayırıq mən də kağıza qol çəkdim”.

Belə ki, cinayət işində isə göstərilir ki, güya o səsverməyə gələndə seçki məntəqəsində V.İsgəndərov və tərəfdarları dava etdiyinə görə hay-küy olub və buna görə də o səs-küyə görə səs vermədən ərazini tərk edib və səsvermə hüququndan istifadə etmədiyinə görə də zərər çəkib.   

Cinayət işinin digər epizodu üzrə şahid qismində ifadə verən 2 saylı seçki məntəqəsinin katibi Eldar Babayev isə V.İsgəndərovun bir qrup şəxslə seçiki məntəqəsinə daxil olduğunu və seçicilərə vermək üçün kəsilmiş 9 bülleteni aparmaq istədiyini amma onun buna imkan vermədiyini dedi. Amma V.İsgəndərov bu kamerada veb-kameranın olduğunu və şahidin verdiyi yalan ifadənin üstünün aşılmağı üçün həmin kameranın çəkilişinin məhkəməyə təqdim edilməyi barədə vəsatət qaldırdı.

Daha sonra 16 saylı seçki məntəqəsinin üzvü olmuş və 40 il müəllimlik stajı olan Məzahir Cəfərov şahid qismində ifadə verdi. O sərbəst ifadəsində bildirdi ki, səhər tezdən məntəqə açılanda 16 bülleteni səhv kəsiblər və buna görə protokol tərtib edərək həmin bülletenləri ləğv ediblər. Amma V.İsgəndərov seçki məntəqəsinə gələndə müşahidəçilərdən kimsə ona bu barədə məlumat verib və o da masaya yaxınlaşaraq  həm səhv kəsilmiş 16, həm də düz kəsilmiş 4 bülleteni  götürüb. Komissiya sədri isə qolundan yapışaraq həmin bülletenləri ondan almaq istəyib, amma V.İsgəndərov onun qolunda itələyərək bülletenləri ona verməyib. Amma onun istintaqa verdiyi ifadəsində isə göstərilir ki, güya V.İsgəndərov seçki komissiyasının sədri İbrahim Məmmədəliyevin sinəsindən zərbə endirib və o yıxılmamaq üçün divardan yapışıb. Habelə həmin ifadə o göstərib ki, sözügedən bülletenlərdə hazırkı deputat Şəmsəddin Hacıyevin lehinə işarələr də Vidadi İsgəndərov tərəfindən atılıb və bu hüquq müdafiəçisinin növbəti saxtakarlığıdır. Xüsusilə son ifadədən əsəbiləşən V.İsgəndərov şahidin hansı ifadəsinin düz olmağını və onun əvvəllər hansı saxtakarlıqlar etdiyini şahiddən soruşdu. Özünu itirən şahid isə dəli olduğunu, ürək xəstəliyindən əziyyət çəkdiyini dedi. Amma o zalı tər edəndə ibtidai istintaqa verdiyi ifadəsini təsdiqlədiyini dedi.

Daha sonra 16 saylı məntəqədə müşahidəçi olmuş Əmirxan Məmmədov şahid qismində ifadə verdi. Məntəqənin yerləşdiyi Mirzəhüseynli kənd orta məktəbinin müəllimi olan Ə.Məmmədov seçkiləri  qeyri-hökumət təşkilatının təmsilçisi kimi müşahidə etdiyini dedi. Amma  o qısaldılmış şəkildə  QHT sözünü başa düşməyən və ümumiyyətlə  həmin QHT barədə anlayışı olmayan  Ə.Məmmədov nədənsə YAP-ın yerli təşkilatı tərəfindən müşahidəçi kimi seçkiyə cəlb edilib və müşahidəçi vəsiqəsini də kənd icra hakimiyyətindən aldığını dedi.

       Daha sonra 17 saylı seçki dairəsinin katibi Hicran Abdullayeva şahid qismində ifadə verdi. O ifadəsində V.İsgəndərovun seçki məntəqəsindən təxminən 160 bülleten apardığını, onlardan isə 20-nın kəsildiyini dedi. Onun sözlərinə görə V.İsgəndərovun bülletenləri aparmağına Araz adlı müşahidəçi mane olmaq istəyib. Amma V.İsgəndərov onu seçki məntəqəsinin həyətindəki şam ağacının bibində yüngül zərbə ilə vurub, nəticədə sonuncunun gödəkcəsinin sol çiyin hissəsi yırtılıb. Cəmi 100 manat əmək haqqı alan 3 uşaq anası olan müəllimənin ibtidai istintaqa verdiyi ifadə ilə ilə prosesdə verdiyi ifadə arasında yaranan fərq də uzun-uzadı mübahisə yaratdı. V.İsgəndərov isə hakimə üzünü tutaraq cəmi 100 manat əmək haqqı alan qadınların yalançı ifadə verməyə məcbur edilməsini şərəfsizlik saydi və hakimdən xahiş etdi ki, prosesi dayandıraraq dərhal ola “yuxarı”nın göstəriş verdiyi hökmü  elan etsin.

Daha sonra həmin məntəqədə müşahidəçi olmuş  və yenə cəmi 100 manat əmək haqqı alan müəllimə Xuraman Süleymanova şahid qismində ifadə verdi. İlk əvvəl hakim şahidə müttəhimi tanıyıb-tanımamağı ilə bağlı sual etdi və xanın V.İsgəndərovu tanımadı. O əvvəl məhkəmə zalının ortasında əyləşərək qeydlərini aparan məhkəmə katibini  göstərdi. Amma zaldakıların gülüşü və prokurorun verdiyi işarədən sonra V.İsgəndərovu göstərərək “Bu şəxsi də İsgəndərova bir az oxşadıram” dedi. Buna baxmayaraq  o V.İsgəndərovun seçki məntəqəsindən bir topa bülleten apardığını, Araz Ələkbərovu isə döydüyünü görmədiyini desə də,  onun boğazında qızartı gördüyünü dedi. Habelə maraqlı bir məsələ də ortaya çıxdı. Hər iki şahid A.Ələkbərovun sona qədər məntəqədə oturduğunu və yalnız seçki prosesi bitdikdən sonra bütün komissiya üzvləri və müşahidəçilərlə birgə saat 22.00 radələrində prokurorluğa gedərək ifadə verdiklərini desələr də, A.Ələkbərovun elan edilən ifadəsində məlum oldu ki, o V.İsgəndərov tərəfindən güya təzyiqə məruz qaldıqdan dərhal sonra prokurorluğa müraciət etməyə gedib və bir daha məntəqəyə dönməyib.

Bu gün də proses şahid ifadələri ilə davam edib.

            Xatırladaq ki, Vidadi İsgəndərli ötən il noyabrın 7-də Milli Məclisə keçirilən seçkidə 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. İttihama görə seçki zamanı Qarabağlar kəndində yerləşən 16 saylı seçki məntəqəsinə daxil olaraq səsvermənin gedişinə maneçilik törədib. Məntəqə seçki komissiyası tərəfindən aktla sənədləşdirilmiş, küncü səhv kəsilmiş 16 ədədə bülleteni komissiya sədrindən zorla alıb. Bir neçə saat sonra Mirzəhüseynli kəndində yerləşən 17 və Göyçay şəhərindəki Mədəniyyət Evində yerləşən 2 saylı seçki məntəqələrində də eyni hərəkətləri təkrar edib.

            Vidadi İsgəndərli bu il aprelin 17-də müxalifətin yeni birliyi olan İctimai Palatanın mitinqi zamanı saxlanılıb. Onun barəsində Nəsimi rayon Məhkəməsinin seçdiyi 15 sutkalıq inzibati həbs müddəti başa çatdıqdan sonra barəsində cinayət işi olduğu əsas gətirilərək həbs müddəti uzadılıb.

            O, Cinayət Məcəlləsinin 159.3-cü (vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma) və 160.1-ci (seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə təqsirləndirilir. Bi ittihamlarla o, üç ilə qədər azadlıqdan məhrum edilə bilər.