İLHAM ƏMİRASLANOVUN İŞİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Dekabrın 12-də Şirvan Apellyasiya Məhkəməsində hakim Əhməd Nurməmmədovun sədrliyi ilə  “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının fəalı İlham Əmiraslanovun şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bu barədə bu gün (13 dekabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Əmiraslanovun vəkili Samir İsayev məlumat verib.

Prosesdə İ. Əmiraslanovun özü də iştirak edib. Vəkil S. İsayevin sözlərinə görə, keçən prosesdə müdafiə tərəfinin vəsatəti ilə İctimai Televiziyaya sorğu göndərilmişdi ki, İlham Əmiraslanovun həbsi ilə bağlı gedən süjeti məhkəməyə təqdim etsin:
 “İctimai Televiziyadan məhkəmənin məktubuna cavab gəlib ki, həqiqətən iyun ayında İlham Əmiraslanovun həbsi ilə bağlı çəkilmiş video görüntülər İctimai Televiziyanın “Qanundan kənar” verlişinə təqdim olunub. Amma televiziyanın daxili qaydalarına uyğun olaraq bir ay sonra o süjet ləğv edilib. Daha sonra məhkəməyə iki vəsatətimiz təqdim olundu. Birinci vəsatət müdafiə tərəfinin təqdim etdiyi iki şahidin dindirilməsi, ikinci vəsatət isə əməliyyatçıların və dörd nəfər hal şahidinin məhkəməyə dəvət olunub dindirilməsi ilə bağlıdır”, – deyə qeyd edən  vəkil vəsatətlərin təmin edildiyini və növbəti prosesin 16 yanvar saat 10:30-a təyin edildiyini bildirdi.
Xatırladaq ki, İ.Əmiraslanov 6  iyun 2012-ci ildə  fövqəladə hallar naziri Kəmaləddin Heydərovun sel daşqınlarının nəticələrinin aradan qaldırılması ilə bağlı Sabirabadda keçirdiyi tədbirə qatılıb. Bu hadisədən iki gün sonra həbsə alınıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.1-ci  (qanunsuz silah saxlamaq) maddəsilə cinayət işi başlanıb. O,  “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının fəallarından olub.  2010-cu ilin mayında sel daşqınlarından əziyyət çəkən vətəndaşların hüquqlarının müdafiəsində fəal rol oynayıb. Sel daşqınlarından əziyyət çəkən insanlar üçün ayrılan vəsaitlərin məmurlar tərəfindən  mənimsənilməsi faktlarını aşkarlamaq sahəsində prinsipial mövqe tutub.  

Previous Post

QƏRB DİPLOMATLARI DEMOKRATİYA NAMİNƏ İNCƏSƏNƏT KAMPANİYASINI DƏSTƏKLƏYİRLƏR

Next Post

NAXÇIVAN MTN-İ “AZADLIQ” RADİOSUNUN ƏMƏKDAŞINA QARŞI XÜSUSİ ƏMƏLİYYAT HAZIRLAYIBMIŞ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.