
Azərbaycan Liberal Gənclər Assosiasiyasının sədri Səbuhi Qafarov bildirdi ki, Azərbaycanda son iki həftədə insan hüquqlarının pozulmasına dair ciddi hadisələr baş verib.
“Orta məktəblərdə hicabla qadağa qoyulması, İslam Partiyası sədrinin və tərəfdarlarının həbsi, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının həbsi, vətəndaş Elvin Əsgərovun ölümü və digər məsələlər insan hüquqlarının pozulmasını sübut edən ciddi faktlardır”, – deyə Qafarov əlavə edib.
Televiziya və Alternativ Media İnkişaf Mərkəzinin rəhbəri Rəsul Cəfərov isə bildirdi ki, son günlər Azərbaycanda baş verən hadisələrlə bağlı İnsan Hüquqları Klubu tərəfindən mövqe sənədi hazırlanaraq yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaq. Cəfərov onu da əlavə etdi ki, hazırlanacaq sənəd Avropa Şurası Parlament Assambleyasının qış sessiyası iştirakçılarına da təqdim ediləcək.
“Son günlərdə insan hüquqlarının pozulmasını təsdiq edən faktlardan biri bu gün bu tədbirdən yarım saat əvvəl hüquq müdafiə orqanları əməkdaşlarının RATİ-ni mühasirəyə almasıdır. Saat 10.30-dan ofisinin qabağında 30-a yaxın mülki və polis geyimində şəxs dayanıb. Polislər ofisə də daxil olaraq hansı burada islamçıların və ya Nemət Pənahlının tərəfdarlarının tədbir keçirilib-keçirilmədiyi ilə maraqlandılar. Bu isə hüquq müdafiə təşkilatına və hüquq müdafiəçilərinə açıq təzyiqdir“. Bunu isə çıxışında Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov bildirdi. O, ölkədə son vaxtlar insan haqlarının pozulması ilə bağlı çoxsaylı faktların qeydə alındığını və bütün bu faktların yuxarıda qeyd edilən sənədə əlavə olunacağını bildirdi.
Ekstremal Jurnalistika İnstitutunun sədri İdrak Abbasov isə çıxışında bir-neçə gün bundan əvvəl Beynəlxalq Avtovağzalın yanında qaçqınlara məxsus evlərin zorakılıqla sökülməsi, çoxsaylı insanın polis tərəfindən döyülərək həbs edilməsi haqqında danışdı. Habelə o, İslam Partiyası sədri və tərəfdarlarının, eyni zamanda Nemət Pənahlının sosial şəbəkələrdə və mətbuatda səsləndirdikləri fikirlərə görə həbs edildiyini istisna etmədi.