JURNALİST RÖVŞƏN HACIYEVİN İKİ İDDİASI ÜZRƏ AVROPA MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDİLDİ

Bu gün (15 sentyabr) jurnalist Rövşən Hacıyevin İctimai Televiziya ilə bağlı başa çatmış 2 məhkəmə çəkişməsi ilə bağlı şikayəti Hüquq Maarifçiliyi Cəmiyyətinin hüquqşünasları tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinə göndəriblər.

Bu barədə RATİ-yə Hüquq Maarifçiliyi Cəmiyyətinin hüquqşünası Nurlana Əliyev məlumat verib.
Qeyd edək ki, Hacıyevin  İTV-yə qarşı qaldırdığı şikayətlərdən biri şərəf və ləyaqətin müdafiəsi ilə, digəri isə informasiya sorğusunun tam cavablandırılmamağı ilə bağlıdır.
Xatırladaq ki, 28 avqust 2006-cı il tarixində Hacıyevin tərtibçisi və redaktoru olduğu “İTV mətbuat aynasında” (məqalələr toplusu) kitabının təqdimetmə mərasimini keçirib. Təqdimat mərasiminə gələn İTV (İctimai Televiziya) əməkdaşları mərasimin keçirilməsinə mane olublar və Hacıyevdən kitabdakı məlumatları təkzib etməyi və üzr istəməyi tələb ediblər . Həmin gün İTV-nin “Carçı” informasiya proqramının axşam buraxılışında Hacıyevin şərəf və ləyaqətini ləkələyən, onu təhqir edən ifadələr işlənib.
Hacıyev 25 sentyabr 2006-cı il tarixində Yasamal rayon Məhkəməsinə müraciət edib. O, İTV-nin ondan üzür istəməsini, “Carçı” proqramının axşam buraxılışında təkzibin verilməsini, şərəf və ləyaqətini ləkələyən informasiyanın efirə getməsi nəticəsində ona dəyən mənəvi zərərin əvəzi kimi cavabdehdən 50 min AZN məbləğində kompensasiya tutulması barədə iddia qaldırıb. Amma nə Yasamal rayon Məhkəməsi, nə də, yuxarı məhkəmə instansiyaları Hacıyevin iddiasını təmin etməyiblər.
Digər iddiaya isə Hacıyevin İTV-yə ünvanladığı informasiya sorğusunu cavablandırılmamağı ilə bağlıdır. Hacıyev bu məsələ ilə bağlı da Azərbaycanda bütün məhkəmə instansiyalarına müraciət edib və iddiası rədd olunub.
Haciyev  İTV-yə qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığı iş haqda çıxarılan məhkəmə qərarından Avropa Məhkəməsinə ünvanladığı şikayətdə Konvensiyanın 6-cı, 10-cu, 13-cü və 14-cü maddələri ilə təminat verilən hüquqlarının pozulduğunu iddia edib. Digər iş üzrə şikayətdə isə məhkəmələrin onun Konvensiyanın 6-cı, 10-cu, 13-cü və 14-cü maddələri ilə təminat verilən hüquqlarını pozduğu qeyd edilib.
Previous Post

QƏNİMƏT ZAHİD MÜALİCƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLMƏYƏCƏK

Next Post

ATƏT-İN BAKI OFİSİ DİFFAMASİYA MÖVZUSUNDA SEMİNAR KEÇİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.