“KÜR” VƏTƏNDAŞ CƏMİYYƏTİ QƏRARGAHININ HESABATI

Bu gün (27 avqust) “Kür” vətəndaş cəmiyyəti qərargahı mayda ölkənin mərkəzi aran rayonlarında baş vermiş daşqın ilə əlaqədar görülən işlərin vəziyyətinə dair ilkin hesabatını açıqlayıb.

2010-cu il aprelin sonları və mayın əvvəllərində Kür və Araz çaylarının daşması nəticəsində Azərbaycanın cənub-qərb rayonlarında – Sabirabad, Saatlı, İmişli, Salyan, Kürdəmir, Hacıqabul, Şirvan, Zərdab, Neftçalada miqyaslı daşqınlar baş verib. Daşqının episentri Sabirabad rayonudur.

 

Hökumətin məlumatına görə, daşqın 110 min ha ərazini, əhalisi 100 min nəfərdən çox olan 30 minə yaxın kəndli evini əhatə edib.

 

Belə vəziyyət vətəndaş cəmiyyəti institutlarının çevik reaksiyasını tələb edirdi. Odur ki, bir sıra qeyri-hökumət təşkilatları və KİV “Kür” vətəndaş cəmiyyəti qərargahı adlı koalisiya yaratdılar. Koalisiyanın yaradılmasında məqsəd daşqının nəticələrinin aradan qaldırılmasında vətəndaş cəmiyyətinə yardım göstərilməsidir.

 

    Koalisiyanın vəzifəsinə daşqının səbəblərinin müəyyən edilməsi, ekoloji, iqtisadi və humanitar zərərin qiymətləndirilməsi, cəmiyyətə və hökumətə tövsiyələrin hazırlanması daxildir.

 

    Vəziyyətin ilkin qiymətləndirilməsi göstərdi ki, daşqın hökumətin hesab etdiyi kimi, təbii kataklizmin deyil, pis idarəçilik kataklizminin nəticəsidir. Əsas səbəb kimi Kür çayının deltasının lillənməsi, Mingəçevir su anbarında suyun çox yığılması, irriqasiya işlərinin pis aparılması göstərilib.

 

    Məlum olub ki, son 5 ildə bu məqsədlərə 1 mlrd. manat, o cümlədən xarici kredit ayrılıb. Qeyri-hökumət ekspertləri belə nəticəyə gəliblər ki, vəsaitin böyük hissəsi təyinatı üzrə xərclənməyib.

 

    Ərazilərdən su çəkildikdən sonra qərargahın ilk növbədə vəzifəsi kəndli təsərrüfatlarına dəymiş zərərin qiymətləndirilməsi, daşqına məruz qalmış yaşayış məntəqələrində tezliklə əhalinin normal həyat fəaliyyətinin bərpası ilə bağlı hökumətə tövsiyələrin hazırlanması olub.

 

    Bu məqsədlə bu ilin avqustundan regionda qərargahın səyyar qrupları fəaliyyət göstərir. Yerli icmalar onlara böyük köməklik göstərir. Onlar tərəfindən Sabirabad, Saatlı və İmişli rayonlarında 20 kənddə 2 minə yaxın kəndli təsərrüfatının qiymətləndirilməsi aparılıb.

 

    Təəssüf ki, lap əvvəldən qrup üzvləri dəfələrlə polisin müqaviməti ilə üzləşiblər. Polis monitorinqlərin dayandırılmasını tələb edib, belə ki, onun fikrincə, bu, əhali arasında gərginlik yaradır.

 

    Sonuncu dəfə, avqustun 25-də qrup üzvləri Sabirabad rayonu Qaragüney polis şöbəsinə çağırılıb və orada onlara işi dayandırmaq təklif olunub. Monitorinq qrupunun yerli üzvlərinə daha çox təzyiqlər göstərilir. Bəzi yaşayış məntəqələrində onlar işi dayandırmağa məcbur olublar.

 

    Əslində regionda humanitar vəziyyət məlum səbəblərdən gərgin olaraq qalır. Hökumət daşqının nəticələrinin aradan qaldırılmasl ilə bağlı tədbirlər haqqında qərarını ictimaiyyətdən gizlədir. İndiyədək yardımın göstərilməsinin meyarları, onun metodologiyası məlum deyil.

 

    Yerli sakinlərin sözlərinə görə, verilən humanitar kifayət etmir. Adambaşına ayrılan cüzi məbləğ – 200 manat həcmində birdəfəlik yardım maliyyə hesabatlılığının pozulması ilə verilir. Yaşayış fondunun bərpası ləng gedir, Kür deltasının dibinin təmizlənməsi üzrə işlər başa çatmadan dayandırılıb, əkin sahələrinin və bağların bərpası üzrə işlər aparılmır.

 

    Soyuqların yaxınlaşması ilə əlaqədar əhalidə ümidsizlik artır.

 

     Yerli əhalinin dəfələrlə keçirdiyi aksiyaların qarşısı polis tərəfindən alınıb. “Kür” qərargahının üzvləri yerli sakinlərlə söhbət zamanı onları belə aksiyalardan çəkinməyə çağırır, öz sosial-iqtisadi problemlərini ölkə qanunvericiliyi çərçivəsində həll etməyi tövsiyə edir.     

 

    Hazırda dəymiş zərərin qiymətləndirilməsi üzrə işlər başa çatmaq mərhələsindədir. Nəticələr sentyabrın ortalarında açıqlanacaq.

 

Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Next Post

VƏTƏNDAŞ CƏMİYYƏTİ NÜMAYƏNDƏLƏRİ POLİS TƏRƏFİNDƏN SAXLANILMASI İLƏ BAĞLI DÖVLƏT QURUMLARINA MÜRACİƏT

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.