Mərhum jurnalist məzarı başında yad edildi

549179_560742963945545_1494230408_n

Martın 2-də Azərbaycanda söz azadlığının müdafiəçiləri 8 il əvvəl qətlə yetirilmiş “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun məzarını ziyarət edərək onun xatirəsini yad ediblər. “Redaktorun ölümünün ildönümü ərəfəsində cinayətkarların axtarışı barədə rəsmi dövlət qurumu ənənəvi və nəticəsiz bəyanat verib. MTN-in mətbuat katibi bildirib ki, cinayətkarların təxminən 8 il əvvəl elan edilmiş axtarışı hələlik heç bir nəticə verməyib. Lakin, məlumdur ki, hələ o vaxt Türkiyə istintaq qrupu Azərbaycan rəhbərliyinə cinayətin təşkilatçılarının və icraçılarının adlarını vermişdi”, -deyə Elmarın dostu, “Qanun” nəşriyyat evinin direktoru Şahbaz Xuduoğlu bildirib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər Hüseynovun ölümündə birbaşa prezident İlham Əliyevi və onun ətrafındakıları ittiham edib.

“Elmar Hüseynovun ölümü əks təsir göstərib. O, Azərbaycanda azad cəmiyyətə yol göstərən yanan məşəl rəmzinə çevrilib”, – deyə Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov Elmarın qatillərinin gec-tez cəzalandırılacağını, mübarizənin isə davam edəcəyini deyib.

Media nümayəndələrinin, hüquq müdafiəçilərinin iştirakı ilə martın 2-si axşam saat 20.00-da Elmarın yaşadığı və qətlə yetirildiyi evin qarşısında anım – şam yandırma mərasimi keçirilib.

Onu da qeyd edək ki, RATİ Elmar Hüseynovun qatillərinin tapılması istiqamətində görülən işlər barədə məlumat verilməsi üçün Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə, Milli Təhlükəsizlik Nazirliyinin  İctimai Əlaqələr Mərkəzinə, Baş Prokurorluğun Mətbuat Xidmətinə və İnterpolun Milli Mərkəzi Bürosuna informasiya sorğusu göndərsə də, hələki sorğuya cavab verilməyib.

Xatırladaq ki, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov işdən evə qayıdarkən naməlum şəxs tərəfindən evinin kandarında güllələnib. Cinayətkar ona tapançadan 7 atəş açıb. Bir müddət sonra hakimiyyət bildirib ki, cinayəti Gürcüstanda yaşayan azərbaycanlı Teymuraz Əliyev və Tahir Xubanov törədiblər.  Lakin Gürcüstan hakimiyyəti onları verməkdən imtina edərək bildirib ki, həmin şəxslərin qətlə bağlı olmasına sübut yoxdur.

Previous Post

MTN Elmar Hüseynovun qətli ilə bağlı açıqlama verib

Next Post

Həbsdə olan jurnalist aclıq aksiya başlayır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.