MEDİA NÜMAYƏNDƏLƏRİ PREZİDENT ADMİNİSTRASİYASINA MÜRACİƏT EDİB

Bir qrup media nümayəndəsi – “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, “Azadlıq” qəzetinin direktoru Azər Əhmədov, köşə yazarı Şahvələd Çobanoğlu, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov müraciət edib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev məlumat verib. Müraciətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev barəsində Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı qərarın icra edilməməsinə münasibət bildirməsi istənilib.

Qeyd edək ki, 2 iyun 2009-cu il tarixində Qaradağ Rayon Məhkəməsində hakim İsmayıl Xəlilovun sədrliyi ilə “Gündəlik Azərbaycan” və  “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə qarşı qaldırılmış cinayət işi üzrə keçirilən məhkəmə prosesində E.Fətullayev Avropa Məhkəməsinin onun işi ilə bağlı çıxardığı qərardan ölkə başçısının xəbəri olub-olmamasını öyrənmək üçün aclıq aksiyasına başladığını bəyan edib. O, həmçinin həmkarlarına müraciət edərək bu məsələni dəqiqləşdirmək üçün  prezident və ya Prezident Administrasiyasının səlahiyyətliləri ilə görüşmələrini istəyib.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi  üzrə qərar verib. Aprelin 22-də açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.
Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.
Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.
2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.
29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Bununla əlaqədar olaraq Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində E. Fətullayev barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə açılmış cinayət işi üzrə istintaq yekunlaşıb və bu işə Qaradağ rayon məhkəməsində baxılır. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu işi  yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir.
Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

TELEJURNALİSTİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

RATİ-NİN BÖLGƏ MÜXBİRLƏRİNİ QARŞI “QARA PİAR” APARILIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.