MİRZƏ SAKİT AZƏRBAYCAN MƏHKƏMƏLƏRİNƏ İNANMADIĞI ÜÇÜN VƏKİLİNİN TƏKLİFİNİ RƏDD EDİB

sentyabr 22nd, 2008
Dünən (19 sentyabr) Rəna Zahidova Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssisəsində həyat yoldaşı, "Azadlıq" qəzetinin əməkdaşı, satiraçı şair Mirzə Sakitlə (Sakit Zahidov) görüşüb.

O, RATİ-yə  bildirib ki, Sakit nevroloji şöbədədir və müalicə almağa başlayıb.
     R.Zahidova həmçinin bildirib ki, vəkil Mirzə Sakitin şərti azad edilməsi xahişilə məhkəməyə müraciət etməyi təklif edib. Çünki şair artıq cəzasının üçdə birini çəkib. Lakin M.Sakit vəkilin təklifini rədd edib. O, fikrini hakimiyyətə və ölkə məhkəmələrinə inanmaması ilə əlaqələndirib.
     Xatırladaq ki, satiraçı şair ürək çatışmazlığından, revmatizm və əsəbdən əziyyət çəkir. O, narkotik maddəni qanunsuz olaraq saxlamaqda ittiham edilərək 3,5 il müddətinə azadlıqdan məhrum edilib. Lakin məhkəmə onun təqsirini sübut etməyib.