“PARALEL” QƏZETİNİN YAYIMINA MENEÇİLİK TÖRƏDİLİB

 "Paralel" qəzetinin bu günkü (20 sentyabr)sayının yayımına qadağa qoyulub.

Bu "Paralel" qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Tapdıq Abbasın adından  RATİ-yə daxıl olan məlumatda bildirilir.
Abbasın bildirdiyinə görə, yaranmış problemə səbəb Azərbaycan Nəşriyyatının direktoru Ağabəy Əsgərovun "Ekspress" mətbəsində çap olunmuş "Paralel" qəzetinin bu günkü sayının Azərbaycan Nəşriyyatında yerləşən yayım şirkətlərinə verilməsini yasaq etməsi olub. Baş redaktorun sözlərinə görə, bu qanunsuz qadağa sadəcə qəzetin Azərbaycan Nəşriyyatda çap edilməməyinə görə “Paralel” qəzetinə qarşı tətbiq edilib.
“Əgər biz Azərbaycan Nəşriyyatı ilə aramızda bağlanmış müqavilənin şərtlərini pozmuş olsaydıq, Nəşriyyat bu halda  bizə rəsmi xəbərdarlıq edilməli, bundan sonra bizi məhkəməyə vermək hüququndan istifadə etməli idi. Lakin bizim Nəşriyyat rəhbərliyi ilə bağladığımız müqavilənin heç bir tələbi pozulmadığına görə, Ağabəy müəllim zor yolunu seçib”, – deyə qeyd edən Abbas yaranmış problemlə bağlı bir sira tədbirləri görəcəklərini də açıqlayıb.
“Biz Ağabəy Əsgərovu məhkəməyə vermək haqqında düşünürük. Hələlik biz məsələ ilə əlaqədar Mətbuat Şurasına müraciət etmişik. Bizə kifayət qədər maddi və mənəvi zərər dəyməsinə baxmayaraq, məsələnin qarşılıqlı anlaşma yolu ilə çözülməsinə çalışacağıq. Əgər bu yola qəzetimizin normal yayımı üçün hüququmuz bərpa olunmasa, məhkəməyə müraciət etmək zorunda qalacağıq", – deyə baş redaktor vurğulayıb.
Problemlə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə cəhd etsək də, Azərbaycan Nəşriyyatından suallarımızı cavablandıran olmadı.

Previous Post

MİRZƏ SAKİT AZƏRBAYCAN MƏHKƏMƏLƏRİNƏ İNANMADIĞI ÜÇÜN VƏKİLİNİN TƏKLİFİNİ RƏDD EDİB

Next Post

MEDİA ETİKASINA DAİR KİTAB HAZIRLANIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.