Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva martın 30-da «Bizim Yol» qəzetinə verdiyi açıqlamasında bildirib ki, həbs edilən gənc fəallar xaricdən idarə olunurlar.
Məsələ ilə bağlı həqiqi hərbi xidmətdən boyun qaçırma ittihamı ilə həbs edilən Bəxtiyar Hacıyevin vəkili Elçin Namazov “Bizim Yol” qəzetinə açıqlamasında deputatın dediklərinə münasibət bildirib. Vəkilin sözlərinə görə, hakimiyyətə yaxın bir deputatın söylədiyi fikirlər bir daha onu göstərir ki, Bəxtiyar Hacıyevə qarşı ittiham siyasi sifarişdir.
“Bəxtiyar Hacıyev fəal gənc olub və ictimai fəaliyyətinə görə həbs edilib. Bu gün ona qarşı qurama ittiham irəli sürüblər. Aytən Mustafayeva bu açıqlaması ilə Bəxtiyarın və digər gənclərin həbsinin sifarişli olduğunu bəyan etdi”-deyə vəkil əlavə edib.
Vəkil həmçinin bildirib ki, bu həbslər hüquqi baxımdan qəbul edilməzdir və eyni zamanda belə həbslər sosial şəbəkələrdə gəncləri daha da birləşdirir, narazılıqların sayı artır.
Digər gənc fəal Cabbar Savalanlının vəkili Anar Qasımov isə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, xanım deputat dolayısı ilə də olsa gənclərin azad fikirlərinə görə həbs olunduqlarını təsdiq edib.
Xatırladaq ki, gənc fəal Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 321.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə ittiham olunur. Barəsində 1 aylıq həbs qərarını martın 4-də Gəncə şəhər Nizami rayon Məhkəməsi çıxarıb. Digər gənc fəal Cabbar Savalanlı isə fevralın 5-də qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib. Cabbar Savalanlıya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb