MÜDAFİƏ NAZİRLİYİ “BİZİM YOL” QƏZETİNİ MƏHKƏMƏYƏ VERİB

iyun 21st, 2010

Azərbaycan Müdafiə Nazirliyi (MN) “Bizim Yol” qəzetini məhkəməyə verib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

MN mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib ki, iddiaya səbəb “Bizim Yol” qəzetinin 18 iyun tarixli sayında gedən “Hərbiçilər arasında atışmada 7 nəfər ölüb” başlıqlı məqalə olub. Müdafiə Nazirliyi məqalədə qeyd olunan “Füzuli rayonu istiqamətində yerləşən hərbi hissədə növbəti tükürpədici qətliam baş verib və 7 hərbi qulluqçu qətlə yetirilib” kimi fikirlərdə Azərbaycan Ordusunun əsgər və zabit heyətinin şərəf və ləyaqətinə toxunulduğunu bildirərək, bunu böhtan kimi qiymətləndirib. O, qeyd edib ki, Müdafiə Nazirliyi məhkəmədə “Bizim Yol” qəzetindən dərc olunan məlumatın sübutunu tələb edəcək.

 

“Bizim Yol” qəzetinin redaktor müavini Elçin Rüstəmli Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  bildirib ki, onlar mətbuat vasitəsilə məsələdən xəbərdar olsalar da, hələlik redaksiyaya məhkəmədən iddia və bildiriş daxil olmayıb.

Qeyd edək ki, “Bizim yol” qəzeti 2003-cü ildən çap olunur və gündəlik qəzet kimi fəaliyyət göstərir.