MÜLKİ GEYİMLİ ŞƏXSLƏRİN ETİRAZ AKSİYALARINDA FİZİKİ TƏZYİQ GÖSTƏRMƏSİ İLƏ BAĞLI DƏYİRMİ MASA

may 12th, 2010
Dünən (11 may) İnsan Hüquqları Evində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin təşkilatçılığı ilə etiraz aksiyalarında mülki geyimli şəxslərin aksiya iştirakçılarına və jurnalistlərə təzyiq göstərməsi ilə bağlı dəyirmi masa təşkil olunub.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı tədbirdə müxtəlif partiyaların, yerli və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyini bildirib. O qeyd edib ki, son 1 ayda keçirilən aksiyaların qarşısının alınmasında fəal iştirak edən mülki geyimli şəxslərin aşkarlanması üçün Daxili İşlər Nazirliyinə (DİN) sorğu göndərilməsi, həmin şəxslərin şəxsiyyətləri və ünvanlarını müəyyən etdikdən sonra məhkəməyə müraciət edilməsi məsələsi müzakirə edilib. Mülki geyimlilərin jurnalistlərə də təzyiq göstərməsi, “Azadlıq” blokunun keçirdiyi aksiyada RATİ əməkdaşı Mehman Hüseynova fiziki zor tətbiq edilməsi də tədbirdə iştirak edən beynəlxalq təşkilatların nümayəndələrinin diqqətinə çatdırılıb. Sonda belə halların qarşısının alınması üçün AXCP Gənclər Komitəsi tərəfindən bəyanat qəbul edilib.

Xatırladaq ki, son dövrlərdə keçirilən etiraz aksiyalarında mülki geyimli şəxslər aksiya iştirakçıları ilə yanaşı, jurnalistlərə də fiziki təzyiqlər göstərmiş, onların qanuni peşə fəaliyyətlərini yerinə yetirməsinə mane olmuşlar.