PREVENTİV QRUP ZEYNALLIYA QARŞI RÜŞVƏT İTTİHAMININ LƏĞVİNİ TƏLƏB EDİR

oktyabr 3rd, 2012
Bu gün  “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsilə bağlı yaradılmış preventiv cavab qrupu RATİ-də mətbuat konfransı keçirib. Qrup Əvəz Zeynallının həbsində deputat Gülər Əhmədovanın əsas rol oynadığını xatırladıb. Son günlərdə Gülər Əhmədova ilə Azərbaycan Beynəlxalq universitetinin rektoru Elşad Abdullayev arasında rüşvət qalmaqalı ilə bağlı videoların yayılmasından sonra yeni situasiya yarandığı nəzərə çatdırılıb.

E.Abdullayevin deputat “seçilməsi” və 2003-cü ildən itkin düşən qardaşı Mahir Abdullayevin tapılması ilə bağlı Gülər Əhmədovaya 2 milyon dollar rüşvət verməsinə toxunan qrup deputatın özünün dələduz sayıldığını bəyan edib. Qrup Gülər Əhmədovanın redaktoru şantaj və təxribatla həbs etdirdiyini diqqətə çatdırıb. Buna görə də Zeynallının hədə-qorxu yolu ilə deputatdan rüşvət almaq istəməsi epizoduna xitam verilməsini, qalan maddələr üzrə ittihamın ən aşağısı yenidən ibtidai istintaqa qaytarılmasını tələb edib.