PREZİDENTİN ƏMİSİNİN QƏZETƏ QARŞI QALDIRDIĞI VƏ QİSMƏN TƏMİN EDİLMİŞ İDDİASI İCRAATA YÖNƏLDİLDİ

İyulun 13-də  Nizami rayon Məhkəməsində hakim Ziya Əliyevin sədrliyi ilə “Yeni Müsavat” qəzetinə dair  Nizami rayon Məhkəməsinin 15 iyun 2010-cu il tarixli qərarının icraata yönəldilməsinə dair məhkəmə prosesi keçirilib.

“Yeni Müsavat” qəzetinin hüquqşünası Vaqif Hüseynin bu gün (14 iyul)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verdiyi məlumata görə, müdafiə tərəfi olaraq icra sənədinin düzgün tərtib edilməməsi, orada sözügedən qəzetin baş redaktor müavini Azər Ayxanın təvəllüdü, yaşayış yeri və haqqında olan bir sıra məlumatların düzgün verilməməsi, eləcə də borclular siyahısında Qoşqar Bakılının haqqında heç bir məlumatın olması hakimin nəzərinə çatdırılsa da, müşavirədən sonra hakim Ziya Əliyev icra qərarının qüvvədə saxlanılması qərarını elan edib. Vəkil qeyd etdi ki, bu qərardan apellyasiya şikayəti veriləcək.

Qeyd edək ki, ötən proses zamanı “Yeni Müsavat” qəzeti işə hakim Ziya Əliyevin baxmasına etiraz olaraq, Nizami  rayon Məhkəməsinin sədrinə yazılı vəsatət təqdim etsələr də, bu vəsatət təmin edilməyib.

Xatırladaq ki, qəzetə qarşı prezident İlham Əliyevin əmisi, Milli Məclisin deputatı, akademik Cəlal Əliyev iddia qaldırmışdı. İddiaya “Yeni Müsavat” qəzetinin 2010-ci il 5 yanvar tarixli sayında dərc olunan “Prezidentin narazı qaldığı obyektin sahibi tapıldı, “Bakı” mehmanxanası Cəlal Əliyevin imiş” başlıqlı məqalə səbəb olub. Nizami rayon Məhkəməsi 15 iyun 2010-cu il tarixdə  iddianı qismən təmin edərək, iddiaya səbəb olmuş məqalə barədə qəzetin növbəti sayında təkzib verilməsi və iddiada yer alan 50 000 (min) manat mənəvi təzminatın 1500 manat olaraq tutulması barədə qətnamə elan edib.

Qeyd edək ki, Azərbaycanın ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1989-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur.

 

 

Previous Post

İSLAM PARTİYASININ ÜZVLƏRİ MƏHKƏMƏ QARŞISINDA

Next Post

BƏXTİYAR HACIYEVİN İŞGƏNCƏYƏ MƏRUZ QALMAĞI İLƏ BAĞLI ŞİKAYƏTİ ÜZRƏ PROSES BAŞLANIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.