RATİ AŞPA-NIN YAY SESSİYASININ İŞTİRAKÇILARINA MÜRACİƏT EDİB

İyunun 19-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Avropa Şurası Parlament Assambleyasının yay sessiyasının iştirakçılarına  müraciət edib. RATİ sədri Emin Hüseynovun imzaladığı müraciətdə deyilir:

“Hörmətli xanımlar və cənablar,  

Diqqətinizə çatdırmaq istəyirik ki, söz və ifadə azadlığı ilə bağlı vəziyyət bizim ölkənin Avropa Şurasına üzv olduğu dövrdən indiyə kimi keçən on ildə ən kritik həddə çatıb. İfadə azadlığına münasibətdə Azərbaycan hakimiyyətinin uzun illər ərzində apardığı repressiv siyasət nəticəsində real olaraq müstəqil teleradio şirkətləri  mövcudluğunu itirmişdir. Bu fakt Avropa Komissiyasının dəstəyilə həyata keçirilən telekanalların (2 dövlət, 1 ictimai və 5 özəl) montorinqi üzrə əldə edilən nəticələrlə təsdiqlənir. Nəticələrə əsasən, teleefirin təxminən 90% hakimiyyətin (əsasən indiki prezident İ.Əliyev və onun atası, keçmiş prezident H. Əliyev) pozitiv təbliğatına həsr edilir. Digər 10 % də hakimiyyətin neytral tərzdə işıqlandırmasına ayrılır.  Bir ildən artıq davam edən monitorinqin nəticələri habelə göstərir ki, telekanallarda hakimiyyətin fəaliyyəti ilə bağlı tənqidə rast gəlinmir, müxalifət və müstəqil siyasilər faktiki olaraq efirə çıxışdan məhrumdurlar.

Hakimiyyət dövlət televiziyasının ləğv edilməsi və onun bazasında İctimai televiziyanın yaradılması öhdəliyinə tam riayət etmir. Belə ki, hakimiyyət 2005-ci ilin avqustunda İctimai Televiziya yaratsa da, dövlət telekanalı fəaliyyət göstərməkdə davam edir, özü də bu telekanala dövlət büdcəsindən İctimai Televiziya ilə müqayisədə 2 dəfə artıq maliyyə ayrılır. Eyni zamanda hakimiyyət daha irəli gedərək 2009-cu ildə ikinci dövlət telekanalını (“İdman-Azərbaycan") yaratmışdır ki, bu telekanal da faktiki olaraq hakimiyyətin təbliğatını aparmaqdadır. Yeni teleradio şirkətlərinə lisenziyaların verilməsi prosesi hakimiyyətin sərt nəzarəti altında həyata keçirilir ki, bu da müstəqil telekanalların və radioların lisenziya alması imkanını istisna edir. Müstəqil elektron KİV-lərin birdəfəlik qapadılmasına qərar verən hakimiyyət 3 xarici radiostansiyanın – “Azadlıq” Radiosu, BBC və “Amerikanın Səsi”nin yerli FM tezliklərdə yayımlanmasını qadağan etmişdir.

 

Çap mətbuatı sahəsindəki vəziyyət də ürəkaçan deyil. Yüksək çinli məmurlara yaxın strukturlar tərəfindən iqtisadiyyatın əsas sahələrinin faktiki olaraq inhisarda saxlanılması və biznesin əlverişli sektorlarının onlar tərəfindən idarə edilməsi ölkədə normal reklam bazarının yoxluğuna gətirib çıxarıb ki, bu da müstəqil və müxalif çap KİV-lərinin reklam alması imkanlarını istisna edir. Hakimiyyət ölkədə minlərlə çap KİV-nin qeydiyyata alındığını desə də, müstəqil QHT-lərin araşdırmalarına görə reallıqda ölkədə 20 gündəlik qəzet nəşr olunur ki, onlardan da 8-i əhali arasında populyardır. Ümumilikdə isə müxalif və müstəqil qəzetlərin gündəlik tirajı cəmi 25 mini ötmür ki, bu da 9 milyonluq əhalisi olan ölkə üçün olduqca azdır.

Son 5 ildə jurnalistlərin öldürülməsi və həbsləri ona gətirib çıxarıb ki, öz əməkdaşlarının taleyindən narahat olan bir sıra müxalifət KİV-ləri daxili özünüsenzura tətbiq ediblər ki, nəticədə hakimiyyətin sərt reaksiyasına səbəb ola biləcək bəzi mövzuların işıqlandırılmasına qadağalar qoyulub.

Jurnalist qətllərinin və onlara qarşı zorakılıqların üstünün açılmaması, habelə vətəndaş cəmiyyətinin alternativ təhqiqat aparmağa buraxılmaması göstərir ki, indiki hakimiyyət bu işlərin üstünün açılmasında maraqlı deyil. Belə ki, hakimiyyət 2005-ci ildə hakimiyyəti tənqid edən jurnalist Elmar Hüseynovun qətlinin üstünü indiyə qədər açmayıb. Bunun əvəzində hakimiyyət Elmar Hüseynovun həmkarı, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru  Eynulla Fətullayevi həbsə atıb. Bir neçə gün bundan öncə (iyunun 16-sı) Fətullayev məhkəmədə bəyan edib ki, onun jurnalist araşdırmaları Elmar Hüseynovun qətlində Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli məmurunun günahkar ola biləcəyini ortaya çıxarır. Fətullayevin həbsxanada təhlükəsizliyi ciddi narahatçılıqlar doğurur.

 

Belə ki, 2009-cu ildə həbsxanada “Tolışi Sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədov müəmmalı şəkildə dünyasını dəyişmişdir. Fətullayevin 2010 ilin aprelində dərhal azadlığa buraxılması barədə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının olmasına baxmayaraq, hakimiyyət hələ də onu həbsdə saxlamağa davam edir. Bundan əlavə, həbsxanada olan Fətullayevin üzərinə xüsusi xidmət orqanları tərəfindən narkotik maddə atılmışdır ki, bundan sonra ona qarşı saxta cinayət işi açılmış və nəticədə o, əlavə 3 il həbs cəzasına məhkum edilə bilər.

 

İnternetdə söz azadlığının vəziyyətinin narahatedici olması onunla əlaqəlidir ki, İnternet hakimiyyətin faktiki inhisarındadır, bu da rəqabətin olmamasına gətirb çıxarır və nəticədə İnternet qiymətlərinə və xidmətin keyfiyyətinə təsir edir. İnternetdə hakimiyyətin tənqid edilməsi repressiyalara gətirib çıxarmışdır, belə ki, hakimiyyətin tənqidi ilə bağlı video rolikin müəllifləri Emin Abdullayev (Milli) və Adnan Hacızadəyə qarşı təxribat törədilmişdir və onlar hazırda həbsxanadadırlar. Eynulla Fətullayev, Emin Abdullayev (Milli) və Adnan Hacızadənin vicdan məhbusları kimi tanınmasına baxmayaraq, hakimiyyət bu gün də onları azad etməkdən boyun qaçırır.

2010-cu ilin noyabrında Azərbaycanda parlament seçkiləri keçirilməlidir, lakin hamıya məlumdur ki, ifadə və söz azadlığının mövcud olmadığı bir ölkədə azad və şəffaf seçkilərin keçirilməsindən söhbət gedə bilməz.

Hakimiyyət diffamasiyaya görə cinayət məsuliyyətini ləğv etməkdən yayınır. Bundan əlavə hakimiyyət İnternetin tənzimlənməsi üzrə qanunvericiliyi sərtləşdirmək və İnternet TV-lərin (onlayn televiziyaların) fəaliyyətini lisenziyalaşdırılmaq istəyir.

Yuxarıda göstərilənlərdən əlavə söz və ifadə azadlığı ilə bağlı xeyli sayda problemlər mövcuddur, lakin onların hamısını bu bəyanata daxil etmək mümkün deyil. Lakin əminliklə deyə bilərik ki, Avropa Şurasının üzvü olan Azərbaycanda söz azadlığı ilə bağlı vəziyyət gündən günə pisləşməkdədir.  

Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəlikləri nəzərə alaraq Azərbaycan hakimiyyətindən aşağıdakıları tələb etməyə çağırırıq:  

 

–    mövcud olan iki dövlət telekanalını dərhal ləğv etmək və onların bazasında 2 yeni ictimai telekanal yaratmaq;

–    mövcud olan İctimai Televiziyanın müstəqil şəkildə fəaliyyət göstərməsi üçün şərait yaratmaq;

–    teleradio şirkətlərinə lisenziyaların verilməsi prosesini liberallaşdırmaq,

–    xarici investorları Azərbaycanda teleradio şirkətlər yaratmaq prosesinə qatılmasına icazə vermək;

–    KİV-lərin fəaliyyəti üçün əlverişli şəraitin yaradılması məqsədilə qanunvericilik aktlarını liberallaşdırmaq;

–    Jurnalistlərin öldürülməsində və döyülməsində təqsirkar olan bütün şəxsləri, xüsusilə də Elmar Hüseynovun qatillərini və qətlin sifarişçilərini tapmaq və cəzalandırmaq;

–    Jurnalistlərin cinayət təqibinə son qoymaq və Eynulla Fətullayevi, Emin Abdullayevi (Milli) və Adnan Hacızadəni dərhal azadlığa buraxmaq;

–    İnternet üzərində nəzarəti artırmaq planlarından əl çəkmək. “  

 

Previous Post

HÜQUQ MÜDAFİƏÇİLƏRİ VƏ JURNALİSTLƏR POLİS TƏZYİQİLƏ ÜZLƏŞİBLƏR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.