Bu gün (12 iyun) Bakı Apellyasiya Məhkəməsində hakim Tatyana Qoldmanın sədrliyi ilə hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun “AZTV” və “Lider” telekanallarına qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.
Prosesi müşahidə etmək istəyən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı Rasim Əliyev məhkəmə binasına buraxılmayıb.
Belə ki, Bakı Apellyasiya Məhkəməsinin nəzarət buraxılış məntəqəsində növbə çəkən polis çavuşu əməkdaşımızın xidməti vəsiqəsinə baxandan sonra kobud şəkildə “Tatyan xanım prosesə heç kimin buraxılmamağını tapşırıb” cavabını verib. Polis əməkdaşı əlavə edib ki, hakim Tatyana Qoldman məhkəmə zalında kənar şəxslər olarkən şahidləri dindirə bilmir.
Bundan sonra əməkdaşımız şifahi sorğu ilə məhkəmənin qəbul şöbəsinə müraciət etsə də yenə ona kömək edən olmayıb. Qəbul şöbəsinin adını açıqlamayan əməkdaşı harasa telefonla zəng etdikdən sonra əməkdaşımıza bildirib ki, “Proses artıq başlayıb, siz artıq gecikmisiniz ”.
Qeyd edək ki, proses saat 11:00-da başlayıb və əməkdaşımız saat 10:45 məhkəmə binasının qarşısında olub.