REDAKTORLAR BİRLİYİNİN BƏYANATI!

Redaktorlar Birliyi   8 sentyabr – Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü münasibətilə Azərbaycanda fəaliyyət göstərən bütün media nümayəndələrini təbrik edir və onları həmrəylik nümayiş etdirərək, söz və ifadə azadlığı uğrunda birgə mübarizəyə səsləyir. 

Biz hesab edirik ki, Azərbaycanda söz azadlığının vəziyyətinin günbəgün ağırlaşaraq acınacaqlı hala çatmasında təkcə hakimiyyətin müstəqil mətbuata dözülməz münasibətinin deyil, həm də jurnalistlərin həmrəyliyini yetəri səviyyədə  olmamağının və bu həmrəyliyin ilbəil azalmasının nəticəsidir. Buna görə, media ictimaiyyəti daha geniş formatda birgə toplanaraq, hazırkı acınacaqlı vəziyyəti yaratmış halları və ümumilikdə son illər mediada baş vermiş bütün hadisələri müzakirə etməli və çıxış yolları üçün vahid strategiya müəyyənləşdirməlidir.

Biz hesab edirik ki, media və söz azadlığı sahəsindəki problemlərin kökündən həll olunması üçün hakimiyyətin siyasi iradə nümayiş etdirməsi də vacibdir. KİV-in inkişaf etdirilməsi üçün müxtəlif qurumlar və fondlar yaradılmasına, maddi yardımlar ayrılmasına baxmayaraq, fikirlərini azad ifadə etdiklərinə görə insanların təqibinin davam etməsi onu göstərir ki, bütün bu addımlar beynəlxalq ictimaiyyətin gözünə pərdə asmaqdır. Ölkədəki rəsmi iqtisadi inkişafa adekvat olmayan məhdud reklam bazarı iqtisadiyyatın inhisarda olduğunu nümayiş etdirdiyi kimi, bunu Azərbaycanda müstəqil mətbuatın inkişafı üçün də gerçək zəminin olmadığını göstərir.

Eyni zamanda Biz mətbuat yayımının sıxışdırılmağı və bu sektorun hökumətin nəzarətində olmaqla tək əldə birləşdirilməyindən narahatıq. Baxmayaraq ki, hökumət rəsmiləri xalqın qəzetlərə inanmadığını, yalnız iqtidarın nəzarətində olan televiziya və radiolardan alınan məlumatlara etibar etdiyini iddia edir. Amma müstəqil və müxalifətyönlü qəzetlərə qarşı bütün istiqamətlərdən durmadan davam edən və günü-gündən yeni üsullarla kəskinləşən təzyiqlər bunun əksini deyir.

Bu sıradan Biz hökumətin onsuz da sosial-iqtisadi problemlərin məngənəsində boğulan, hətta az tirajlı tənqidçi qəzetlərə qarşı  vergi yoxlamaları və gələcəkdə qəzet rəhbərinin həbsinə hesablanmış cinayət işini başlamağını qətiyyətlə pisləyirik. Buna misal olaraq “Gündəm xəbər” qəzetinin təsisçisi və baş redaktoru Şirin Cəfərliyə qarşı başlanmış cinayət işini misal çəkmək istərdik.

Eyni zamanda “Monitor” jurnalının  2005-ci il mart ayının 2-də qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun qatillərinin və bu qətli sifariş edənlərin bu günə qədər aşkarlanaraq məsuliyyətə cəlb edilməməyi, habelə indiyə qədər peşə fəaliyyətini icra edərkən jurnalistlərin təzyiqə məruz qalmağı ilə bağlı kimsənin məsuliyyətə cəlb edilməməyi jurnalistlərdə ciddi daxili senzuraya səbəb olub. Hər bir tənqidçi jurnalist “naməlum” adamlar tərəfindən oğurlanaraq, təcavüzə məruz qalacağı və ya öldürüləcəyi qorxusu  ilə yaşayır və işləyir.  Bu səbəbdən də Biz hökumətdən bütün bu qeyd etdiyimiz cinayət işlərinin üstünü açmağa və günahkarları cəzalandırmağa çağırırıq.

 Biz Azərbaycan hakimiyyətini Azərbaycanın müstəqil və tənqidçi mediasına qarşı dözümsüz  yanaşmadan çəkinməyə, xüsusilə son vaxtlar sosial mediaya qarşı başladığı repressiyanı dayandırmağa, internet üzərində nəzarəti götürməyə, şərlənərək həbs edilmiş bloggerlər  –  Cabbar Savalanlı və Bəxtiyar Hacıyevi dərhal azad etməyə çağırırıq.

Biz Azərbaycan hökumətindən jurnalistlərin, bloggerlərin və digər ictimai-siyasi fəalların vəkilləri – Anar Qasımov, Elçin Namazov, Osman Kazımov, Xalid Bağırovun  və digərlərinə qarşı başlayan təzyiqləri dayandırmağa çağırırıq.

Habelə Biz üzümüzü dünya ictimaiyyətinə,  beynəlxalq təşkilatlara tutaraq, yuxarıda qeyd etdiyimiz problemlərin həlli,  Azərbaycanın beynəlxalq qurumlar qarşısında götürdüyü  öhdəlikləri yerinə yetirməsini israrlı şəkildə tələb etməyə çağırırıq. 

Previous Post

“XURAL” QƏZETİNİN BÖLGƏ MÜXBİRİ HƏBS EDİLİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.