Reportyorların Azadlıq və Təhlükəsizik İnstitutunun Azərbaycanda Konstitusiya Referendumunun Nəticələri Barədə Bəyanatı

refilhe

Azərbaycanda Keçirilmiş Referendum Etibarsızdır

“İfadə, sərbəst toplaşmaq və birləşmək azadlıqlarının məhdudlaşdırılması və topa bülleten atmasəsvermə saxtakarlığı barədə yayılan xəbərlər Azərbaycanın konstitusiya referendumuna etibarı sarsıdır,” deyə Reportyorların Azadlıq və Təhlükəsizik İnstitutu (RATİ) bu gün qeyd edib. Müstəqil media, vətəndaş cəmiyyəti, siyasi fəallar və sıravi vətəndaşlara qarşı hökumətin basqıları səsvermənin azad və ədalətli olacağı barədə bütün ehtimalları istisna edirdi.

“Bu referendum demokratiyaya qarşı total hücumdur,” deyə RATİ direktoru Emin Hüseynov bildirib. “Uzun müddətdir vəd olunan siyasi islahatlar və demokratikləşmə əvəzinə tələsik qəbul olunan dəyişikliklər hakimiyyətin xalq qarşısında cavabdehliyinin aradan götürülməsinə və diktaturanın dərinləşməsinə rəvac verir.”

Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) çərşənbə axşamı (27 sentyabr) konstitusiya dəyişikliklərinin seçicilərin 90 faizindən çoxu tərəfindən dəstəkləndiyini və rəsmi seçici fəallığının 69.7 faiz olduğunu bildirib. 18 iyul 2016-cı il tarixində, Prezident Əliyev “Azərbaycan Respublikası Konstitusiyasına Dəyişikliklər” barədə Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb. Konstitusiya Məhkəməsi 25 iyul 2016-cı il tarixində Referendum Akını təsdiqləyib. Bundan sonra isə, Prezident Əliyev referendumu 26 sentyabr 2016-cı il tarixinə təyin edib.

RATİ referendum prosesinin ədalətli hesab olunması üçün beynəlxalq səviyyədə qəbul olunmuş bir çox elementlərin, xüsusən də ifadə, birləşmə və sərbəst toplaşma azadlığı hüquqlarının çatışmadığını dəfələrlə bildirib. Hökumət eyni zamanda dəyişiklik layihəsinin əleyhdarları üçün dövlət mediasına bərabər çıxışı, eləcə də seçki komissiyasının qərəzsiz, müstəqil və məsuliyyətli şəkildə fəaliyyətini təmin etməyib.

Bazar ertəsi keçirilmiş səsvermə zamanı pozuntuların baş verdiyini göstərən daha çox dəlil ortaya çıxdıqda məlum oldu ki, təhrif olunmuş media işıqlandırması, debatlara və təşviqata tətbiq olunmuş məhdudiyyətlərlə yanaşı səsvermə gününün özündə də bir çox pozuntulara yol verilib.

Konstitusiya islahatlarına digər dəyişikliklərlə yanaşı prezidentlik müddətinin beş ildən yeddi ilə qədər artırılması, vitse-prezident institutunun yaradılması, və prezident seçilmək üçün minimum yaşın aradan qaldırılması daxildir. Sentyabrın 20-də, Avropa Şurasının Venesiya Komissiyası ilkin rəy çıxararaq, təklif olunan konstitusiya dəyişikliklərinin bir çoxunun hakimiyyətin qolları arasındakı balansı ciddi şəkildə pozacağını və prezidentə “misli görünməmiş” nəzarət etmə səlahiyyətləri verəcəyini bildirib.

Azad və dinamik media, vətəndaş cəmiyyəti təşkilatları və müxalif partiyalar üçün fəaliyyət məkanı, beynəlxalq və yerli müşahidəçilərin tam şərait yaradılması azad və ədalətli seçkilərin təmin olunması üçün zəruridir. “Hakimiyyətin ATƏT-in DTİHB-nu səsverməni müşahidə etməyə dəvət etməməsi, Avropa Şurası Venesiya Komissiyasının təklif olunmuş dəyişikliklərin çoxunu tənqid edən ilkin rəyinə qəti məhəl qoymaması, referendum təşviqatçılarını susdurması açıq-aydın göstərir ki, Əliyev rejimi səsvermənin nəticəsini əvvəldən müəyyən edib,” deyə Hüseynov vurğulayıb.

Səsvermə günü baş vermiş seçki saxtakarlıqları referenduma kölgə salıb – topa bülleten atma və eyni şəxslərin müxtəlif rayonlarda bir neçə dəfə səs verməsi kimi hallar kütləvi miqyasda baş verib. Referendum zamanı baş verən saxtakarlığın miqyası onu göstərir ki, nəticələr şübhəsiz ki Azərbaycan xalqının iradəsini deyil, sadəcə hakim rejimin maraqlarını əks etdirir.

RATİ Azərbaycan hökumətinin prezident İlham Əliyevə qeyri-məhdud sayda 7 illik müddətlərə təkrar prezident seçilmək, heç bir başqa qurumla məsləhətləşmədən vitse-prezidentlər təyin etmək, öz mülahizəsi ilə parlamenti buraxmaq və növbədənkənar seçkilər təyin etmək, eləcə də prezident seçilmək üçün tələb olunan yaş məhdudiyyətini ləğv etməklə hakimiyyətin atadan oğula keçməsi üçün zəmin formalaşdırmaq imkanları verən müddəaları əlavə etməklə Konstitusiyanı dəyişdirməyə atılmış qeyri-demokratik cəhdini pisləyir.

Yuxarıda bəhs olunan dəyişikliklər Azərbaycanda demokratiya və insan haqlarına ciddi təhlükə yaradır. RATİ həmçinin hakimiyyətə sosial ədalət və torpaqdan ədalətli istifadə adı altında şəxsi mülkiyyəti vətəndaşların əlindən almaq imkanı verməklə sosial iqtisadi hüquqların kütləvi məhdudlaşdırılması ilə nəticələnəcək Konstitusiya dəyişikliklərindən ciddi narahatlıq keçirir.

Azərbaycan Konstitusiyasına edilən dəyişikliklər Azərbaycan cəmiyyətinin enerji qiymətlərinin davamlı enişi nəticəsində yaranmış ağır iqtisadi vəziyyətin fonunda son dərəcədə zəruri olan siyasi və sosial-iqtisadi islahatlara olan ümidlərinin üstündən xətt çəkir.

Konstitusiya referendumu ərəfəsindəki durumun iki aylıq monitorinqi göstərdi ki, hakimiyyət heç bir əsas olmadan özəl telekanal ANS TV-ni bağlamış, aparıcı müxalif qəzet olan “Azadlıq”ı nəşrini dayandırmağa məcbur etmiş, və Türkiyə hökumətinin yardımı ilə müxalif telekanal olan “Azərbaycan Saatı”nın və Azad Avropa/Azadlıq Radiosunun Azərbaycan xidmətinin proqramlarının TÜRKSAT peyki ilə yayımını dayandırmışdır.

Hakimiyyətin tam nəzarətində olan Mərkəzi Seçki Komissiyası (MSK) referendumun əleyhinə təşviqat aparmaq istəyən müxalif qrupları qeydə almaqdan imtina edib.

Azərbaycanın milli qanunvericiliyi milli televiziyada referendumla bağlı təşviqat aparan qruplara pulsuz efir vaxtının verilməsini nəzərdə tutur. Müxalif qrupların qanunla nəzərdə tutulmuş pulsuz efir vaxtına iddia edə bilməsinin qarşısı alınmış, hökumət-yönlü qruplar isə könüllü olaraq milli televiziyada təşviqat aparmaqdan imtina etmişlər. Nəticədə, informasiya kasadlığı səbəbindən, əhalinin əksər hissəsi təklif olunan dəyişiklikləri adekvat şəkildə başa düşməyib. Referendum ətrafında yaranmış informasiya vakuumundan istifadə edən hökumət bütün telekanallardan təklif olunan dəyişikliklərin İlham Əliyev tərəfindən başladılmış islahatların zəruri davam olması fikrinin yayılması üçün istifadə edib.

Yerli və beynəlxalq QHT-lər daxil olmaqla vətəndaş cəmiyyəti təmsilçiləri də iki ildən artıqdır ki davam edən hökumət basqıları üzündən səsvermə prosesinin effektiv monitorinqini həyata keçirə bilməyib. On mindən artıq şəxsin iştirak etdiyi müxalifətin ilk etiraz aksiyasından sonra hakimiyyət mitinqin təşkilatçıları və iştirakçılarına qarşı repressiyalara başladı – onlarla fəal saxlandı və döyüldü. Bütün bu qanunsuz əməllər insanları mitinqlərdə iştirakdan yayındırmaq məqsədi ilə aşkar şəkildə, jurnalistlərin gözü qarşısında baş verirdi.

Səsvermə günü, 5627 səsvermə məntəqəsinin 1000-də quraşdırılmış müşahidə kameraları minlərlə ciddi səsvermə pozuntusu faktını qeydə alıb. Səsvermə məntəqələri üzrə video çəkilişlər qarşıdakı beş il müddətində MSK-də saxlanılacaq. Bu çəkilişlərə yenidən baxış birmənalı olaraq göstərəcək ki, səsvermə günü seçici fəallığı bildirilən 69.7 faizdən iki-üç dəfə az olub. Bundan başqa, video çəkilişlərdə həmçinin yüzlərlə topa bülleten atma və digər seçki pozuntuları qeydə alınıb. Qeyd olunan bu pozuntular referendumun nəticələrinin ləğvi üçün kifayət qədər əsas verir.

RATİ Mərkəzi Seçki Komissiyasını geniş-miqyaslı seçki saxtakarlığına görə konstitusiya referendumunun nəticələrini ləğv etməyə çağırır.

RATİ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosunu xüsusi qiymətləndirmə missiyasının qərəzli və mübahisəli bəyanatını pisləməyə, referendumun obyektiv və hərtərəfli qiymətləndirilməsini təmin etməyə, yeni konstitusiya dəyişikliklərinin Azərbaycanın üzvlük üçün müraciəti barədə AŞPA-nın 222(2000) saylı Rəyində qeyd olunmuş Azərbaycanın qoşulma öhdəliklərinə uyğun gəlib-gəlmədiyini qiymətləndirməyə çağırır.

Bununla yanaşı, RATİ Avropa Şurası Parlament Assambleyasını, Avropa Parlamentini və ATƏT-in Parlament Assambleyasını özlərinin konstitusiya referendumunu müşahidə etmək mandatı olmadan prezidentin dəvəti ilə Azərbaycana gələn və Əliyevə sadiq ənənəvi Avropa lobbistləri ruhunda referenduma müsbət qiymət verərək onun legitimliyini təsdiq edən üzvlərinə qarşı intizam araşdırmasına başlamağa çağırır.

Demokratik idarəçilik və insan hüquqlarına hörmət məsələləri Azərbaycanın ikitərəfli və çoxtərəfli tərəfdaşları tərəfindən enerji və təhlükəsizlik sahəsində əməkdaşlığın xatirinə diqqətdən kənarda saxlanacağı müddətdə Azərbaycanın uzun müddətli sabitliyi ciddi risk altında olacaq.

Previous Post

Tanınmış Fəal Prezidentin Səlahiyyətlərinin Genişləndirilməsi Barədə Keçiriləcək Referenduma Qarşı Apardığı Kampaniyaya Görə Həbs Olunub

Next Post

Qiyas İbrahimov barəsində çıxarılmış hökmlə bağlı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun bəyanatı

Start typing to see posts you are looking for.