REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) yanvarın 19-da səhər saatlarında Bakı şəhəri  R.Behbudov küçəsi 8 ünvanında yerləşən ofisinin polis və mülki geyimli şəxslər  tərəfindən təxminən bir saat ərzində nəzarətə götürülməsini hökumətin hüquq müdafiə təşkilatına təzyiqi kimi qiymətləndirir və  baş verənləri qətiyyətlə  pisləyir.

Məlum olduğu kimi RATİ-nin ofisində mətbuat mərkəzi fəaliyyət göstərir və bu mərkəzdə hər kəs, o cümlədən siyasi partiyalar, birliklər, hökumət və qeyri-hökumət  təşkilatçıları təmsilçiləri pulsuz olaraq mətbuat konfransları keçirə bilərlər. Yanvarın 19-da saat 11.00-da  RATİ-nin Mətbuat Mərkəzində bir qrup hüquq müdafiəçisinin və jurnalistin təmsil olunduğu “İnsan Hüquqları Klubu”nun təşkilatçılığı ilə Azərbaycanda insan hüquqlarının son durumuna dair dəyirmi masa  keçirilib. Amma tədbirdən yarım saat əvvəl RATİ-nin ofisinin giriş və çıxışları polis və mülki geyimli şəxslər tərəfindən  mühasirəyə alınıb. Eyni zamanda ofisin yerləşdiyi Xaqani və Rəşid Behbudov küçələrində onlarla polis əməkdaşı, mülki geyimli şəxs, post-patrul xidmətinin maşınları dayanıb. Hətta Bakı şəhər Baş Polis İdarəsi  rəisinin müavini, polis generalı Yaşar Əliyev də ərazidə olub.
Belə ki, tədbirin başlamasına bir-neçə dəqiqə qalmış 3-4 nəfər mülki geyimli şəxs RATİ-nin mətbuat mərkəzinə daxil olaraq burada keçirəcək tədbirlərlə maraqlanıblar. Amma həmin şəxslər maraqlarının səbəbini və kimlikləri barədə məlumat verməyiblər.
RATİ qeyd edir ki,  baş verənlər hüquq müdafiəçilərini və media nümayəndələrini qorxudulmasına, onları psixoloji təzyiq altında saxlamağa hesablanmış addımdır və bu kimi addımlar söz və ifadə azadlığının boğulmasına yönəlib. Bu baxımdan da RATİ Azərbaycan hökumətini bu cür repressiv üsullardan əl çəkməyə, hüquq müdafiəçiləri və jurnalistlərin fəaliyyəti üçün normal şərait yaratmağa çağırır.  

Previous Post

AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZİRİ RAMİL USUBOVA AÇIQ MÜRACİƏT

Next Post

JURNALİSTLƏR 4 HƏFTƏLİK TRENİNQLƏRƏ DƏVƏT EDİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.